QMİ-nin “halallıq” verdiyi şirkətdən açıqlama - “İmicimizə zərbədir”

qmi-nin-halalliq-verdiyi-sirketden-aciqlama
Oxunma sayı: 754

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Baytarlıq Xidməti Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, Elçin Rüstəmovun rəhbərlik etdiyi "Elba" MMC-yə məxsus heyvan kəsimi və emalı fabrikinə baxış keçirən zaman orada mənşəyi bəlli olmayan heyvan  ətlərini aşkar etməsi barədə ictimaiyyətə məlumat verib. 

Bundan sonra, sosial şəbəkələrdə “Elba” MMC-nin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən “halallıq sertifikatı” ilə təmin edilməsi vurğulanıb və şirkətin halallıq inamını sarsıtmağı tənqid edilib. 

Bu gün isə şirkətin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Səbuhi Cahangirov “Qafqazinfo” ilə əlaqə saxlayaraq yayılan məlumata münasibət bildirib. O qeyd edib ki, “Elba” MMC artıq 2016- cı ilin avqust ayında fəaliyyətini dayandırıb və şirkətin Daşkəsən kəsim zavodundakı ərazisi icarəyə verilib: “Hazırda fiziki şəxs olan İlham Qarayev və hüquqi şəxs olan “Meat treding” şirkəti həmin yeri icarəyə götürüb.  “Meat treding” şirkəti öz məhsullarını oradakı soyuducuda saxlayır.  Həmin gün də Baytarlıq Xidməti şirkətin məhsullarını müsadirə edib. Müsadirə edilən məhsulların heç birinin “Elba” şirkətinə aidiyyatı yoxdur. Bunu icarədarlar da təsdiqləyə bilərlər. 

Sadəcə olaraq, Baytarlıq Xidməti heç bir analiz aparmadan elə həmin gün ət məhsullarının yararsız olması haqqında informasiya verib. Halbuki bir ət məhsulunun yararsız olub-olmadığını müəyyənləşdirmək üçün  laboratoriyada analiz edilməsi üçün 3-6 gün müddət lazımdır. Hansı səbəbdənsə Xidmət bunu etməyib və şirkətimizin bağlanmasana baxmayaraq adımızdan istifadə edərək qara piar kampaniyasını həyata keçirib. 17 ilə yaxın fəaliyyət göstərən şirkətimizin imicinə zərbə vurublar.  Biz bununla bağlı Dövlət Baytarlıq Xidmətini yaxın günlərdə məhkəməyə verəcəyik”.

Daha sonra o, vurğulayıb ki, şirkət bağlandığına görə, təbii olaraq QMİ-dən “halallıq sertifikatı”nı yeniləmək üçün müraciət etməyiblər.   

S. Cahangirov həmçinin əlavə edib ki, hazırda şirkətin yenidən fəaliyyətinin bərpa edilməsi istiqamətində işlər aparılır: “Bizim İran və Rusiya şirkətləri ilə müqavilələrimiz var. İstəyirik ki, bundan sonra şirkət olaraq daha çox ixrac məhsullarına üstünlük verək”. 

Günel Türksoy