Qobustanda baş verən Şıxzərli palçıq vulkanı ilə bağlı - Açıqlama+Fotolar+Video

qobustanda-bas-veren-sixzerli-palciq-vulkani-ile-bagli
Oxunma sayı: 3359

Yanvarın 9-da Bakının Qobustan rayonunda Şıxzərli palçıq vulkanında püskürmə baş verib. Püskürmə baş verən gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə ezam olunub, monitorinqlərə başlayıblar. Artıq dünəndən etibarən monitorinqlər bitib və nəticələr məlumdur.

Bu barədə “Qafqazinfo”ya Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev məlumat verib. Onun sözlərinə görə, püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilib, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərzində yerin dərinliyindən palçıq kütləsi yer səthinə çıxıb.

C. Paşayev bildirib ki, püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının bu dəfəki püskürməsində qeydə alınmayıb: “ETSN-nin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun əməkdaşları müvafiq ölçmə işləri həyata keçiriblər. Müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb. Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunub. Tektonik çatların şimal və şimal-qərb istiqamətində daha sıx və dərin olması müəyyən olunub. Çatların orta enliliyi 0,7 metr olduğu qeydə alınıb. Bəzi yerlərdə çatların uzunluğu 150 metrə çatıb. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir”.

ETSN rəsmisi həmçinin əlavə edib ki, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil. Vulkanın aktivliyinin təhlili onu göstərir ki, bu vulkan çox aktiv palçıq vulkanıdır.

Bu son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan bu vulkan dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur.
Qeyd edək ki, palçıq vulkanlarında püskürmələr qəfildən baş verir və qısamüddətli olur. Həmçinin bu vulkanlar güclü partlayışla müşayiət olunur və krater üzərinə 200-500 metrlik alov sütunu əmələ gəlir. Palçıqla birlikdə süxur qırıntıları da ətrafa yayılır. 

Gülnar Əliyeva