Tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur. Səhnə əsərində əsas rolları Cəmilə Allahverdiyeva, Rəhim Rəhimov, Tamilla Bünyatova, İqbal Əliyev, Sona Rəhimova, Cavid İbrahimov ifa edib. Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal”ı fərqli yozumda təqdim edən rejissor klassik formanı müasir detallarla zənginləşdirərək baxımlı bir nümunə ərsəyə gətirə bilib.
Teatrın balaca tamaşaçılarına daha bir hədiyyəsi sentyabrın 18-də Üzeyir Musiqi Günündə nümayiş olunacaq marionet tamaşadır. Dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında hazırlanan tamaşada baş rolu teatrın aparıcı aktyoru, əməkdar artist Rəhman Rəhmanov ifa edəcək.
Teatrın direktoru, "UNİMA" Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə ilk olaraq festivallara dəvət aldıqları barədə məlumat verib: “Yeni mövsüm üçün 5 beynəlxalq festivala dəvət almışıq. Bu dəvət marafonuna respublika daxilinə səfərlə start verdik. Bildiyiniz kimi, 10-19 sentyabr tarixlərində Şəkidə I Beynəlxalq Teatr Festivalı keçirilir. Həmin festivalda biz də tamaşa sovqatımızla iştirak edəcəyik. «Çanta trio» adlı bu tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Hindistanda keçirilən kukla teatrlarınını beynəlxalq festivalında bizi layiqincə təmsil edən nümunə ayrı-ayrı kukla teatrı üslubları ilə zəngindir”.
Son xəbərlər
Son Xəbərlər