Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

qonsu-olkelerde-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1147

Rusiyada son sutka ərzində daha 8926 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 290 678-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 192 056 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 91 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 2722-yə çatıb. Ümumilikdə 70 209 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda koronavirusa yoluxanların sayı daha 6 nəfər artaraq 701-ə çatıb. Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Xəstəlik səbəbindən 12 nəfər həyatını itirib, 432 nəfər isə sağalaraq evinə buraxılıb.

Qeyd edək ki, Gürcüstanda martın 21-də elan edilən fövqəladə vəziyyət rejimi mayın 22-dək uzadılıb.

Ermənistanda koronavirusa yoluxanların sayının sutka ərzində daha 351 nəfər artması ilə günlük yoluxma sayında yeni rekor qeydə alınıb. Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Ölkə üzrə bu günə qədər 4823 nəfər koronavirusa yoluxub. Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 1 nəfər artaraq 61-ə çatıb. Ümumilikdə 2019  pasiyent müalicə olunaraq sağalıb. 

2 718 xəstənin müalicəsi davam etdirilir, 41 850 insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət mayın 13-dək uzadılıb.

Dünya üzrə isə 4 815 234 insan koronavirusa yoluxub, 316 846 nəfər isə vəfat edib.