“Qonşudan qalma geri” prinsipi cəmiyyətin bəlasıdır... - Sosioloqdan açıqlama

qonsudan-qalma-geri-prinsipi-cemiyyetin-belasidir
Oxunma sayı: 1951

Cəmiyyətdə problemlər həmişə mövcud olub. Ağıllı insanlar bundan çıxış yolu axtarıb, düzgün istiqamət göstəriblər. Əsas olan isə bu istiqamətlərdən yararlanmaqdır. Bu gün yaşadığımız cəmiyyətdə qəribə bir tendensiya var: bir çoxları “qonşudan qalma geri” fikri ilə həyatını sözün əsl mənasında cəhənnəmə çevirir. İstər yas, istər toy, istərsə də ailəsinin bir çox şad günündə “başqası etdi mən niyə yox?” prinsipi ilə hərəkət edənlər, “el-aləm nə deyər” fikri ilə davrananlar kifayət qədərdir. Səbəbi nədə və harada axtarmalı? Bu cür düşüncələrdən xilas olmağın yolları varmı?

“Qafqazinfo”nun suallarına cavab verən Rüfət İsmayılzadənin məsələyə çox maraqlı yanaşması var:

“Əslində, bu, bizim mental xarakterdən qaynaqlanır. Xüsusən də təhsil məsələsində bu, özünü qabarıq şəkildə göstərir. “Filankəsin uşağı instituta qəbul oldu, sənə nə olub?”, “Filankəsin  uşağı xaricdə oxuyur, bizimki niyə oxumasın?”, deyə düşünən valideynlər birmənalı olaraq öz övladlarının gələcəyi ilə oynamış olurlar. Uşağın istəyi, fikri nəzərə alınmır, onun istedadı üzə çıxarılmır, məcburi şəkildə repetitorlar yanına göndərilir, nəticədə ya uşaq Ali məktəbə qəbul olmur, ya da öz ixtisasını sevməyən bir kadr yetişir. Hər iki halda peşmançılıq yaşanır. Valideynlər “axı niyə belə oldu?” fikri ilə baş-başa qalırlar.

Digər bir məsələyə də toxunmaq istərdim. Bu, istər toy, istərsə də yas mərasimlərindəki israfçılıqdan gedir. Burada da eyni yanaşmadır. “Filankəs valideyninə belə məclis verdi, mən niyə verməyim?”, “mənim də toyum filankəsin toyu kimi keçməlidir” və s.... Bu cür fikirlər, ətrafdakı insanlarla bəhsə girmək, özünü kiməsə göstərmək ədası bir ictimai bəlaya çevrilib. Bu bəla da yüksək məbləğli borclara, sələmlərə, kreditlərə aparıb çıxarır. Nə qədər ki, biz “qonşudan qalma geri” prinsipi ilə yaşayacağıq, nə mənəvi rahatlığımız olacaq, nə sosial dincliyimiz.