“Qonşular torpağımı zəbt edib” - Şikayət

qonsular-torpagimi-zebt-edib
Oxunma sayı: 1893

Sabirabad rayonu Həşimxanlı kənd sakini Balayar Qocaəliyev ona verilən pay torpağının qonşuları tərəfindən ələ keçirilməsindən narazıdır.

Bununla bağlı “Qafqazinfo”ya müraciət edən B. Qocaəliyev bildirib ki, 1998- ci ildən ona verilən 1 hektar 55 sot pay torpağından istifadə edib. Ancaq 2019-cu ildə iki yaxın qonşusu Mürvət Əmrahov və Hicran Hüseynova onun torpağını zəbt edib: “Taxıl əkmişdim. Onu da ələ keçirdilər. Bu illər ərzində torpağımın vergi pulunu da ödəmişəm.

6 nəfərlik ailəyik. Bu torpağı əkib becərdiyimizə görə dolana bilmişik. İndi isə dolana bilmirik. İcra hakimiyyətinin müavinin qəbulunda da olmuşam. Mənə dedi ki, bu məsələ bizlik deyil. İndi bilmirəm ki, mən kimə müraciət edim ki, torpağımdan çıxsınlar”. “Qafqazinfo” məsələ ilə bağlı Sabirabad rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra hakimiyyətinin baş məsləhətçisi Elçin Gözəlov bildirib ki, sözügedən məsələ mübahisəli olduğu üçün tərəflər məhkəməyə müraciət edib: “Həmin 1 hektar 55 sot ərazidə olan 307 nömrəli pay torpağı Balayar Qocaəliyevə, 308 nömrəli torpaq Mürvət Əmrahova, 309 nömrəli torpaq isə Hicran Hüseynova məxsusdur. Ümumi sahənin 1 hektar 47 sotunu Hicran Hüseynova əkmək üçün Mürvət Əmrahova verib. Bu mübahisəli məsələ ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət edilib. Komitə ekspertiza təyin edib və ekspertlər ərazini ölçüblər. Hazırda iş məhkəmədədir.Ekspertizanın rəyi açıqlanandan sonra məhkəmə qərar verəcək”. 

Günel Türksoy