“Qorxma, alnımızdakı hərarət deyil...”

qorxma-alnimizdaki-heraret-deyil
Oxunma sayı: 3482

Azərbaycanın istedadlı şairi Salam Sarvan "Bahar karantini" adlı şeir yazıb. O, həmin şeirini “Qafqazinfo” ya göndərib. 

Şairin son günlərin gündəminə həsr olunmuş yaradıcılıq nümunəsini oxuculara təqdim edirik:

Bahar karantini

Saat addımlarını yavaşıdır:  sakit-kit-kit... tik-tik-tik...
Canı sulu Zəmanənin təbəssümlü yerişində
qar uçqunlarının xəfif səsi,
əllərində o dünyanın coğrafi xəritəsi...

Boğularkən əl-qol atanlar 
sanki əl havasına axtarır ömürə gedən yolu.
Günəş Aydan soruşur:
sən bilərsən, gecə burda nə olub,
nədəndir bu adamların üzündəki qaşqabaq?

Ay Günəşə cavab verir:
yəqin hər an yenidən doğulduqlarına görə hər an körpədilər deyə
gülməyi öyrənməyə macalları olmayıb...

Bilmədik Çin səddi uçdumu başımıza, 
yoxsa başımız əhlət daşına dəydi...
Amma içimizdə bütün zərbələrin səsini eyni anda eşitdik:
atlara dəyən qamçılarımızn,
milçəklərə dəyən qəzetlərimizin,
budaqlara və döş ətinə dəyən baltalarımızın,
portret mıxlarına dəyən çəkiclərimizin,
zəngli saatlara dəyən qapazlarımızın...

Və bu əzab orkestrinin əks-sədasında
yaşmaq yelkənləri cırılmış gəminin iniltisini eşitdik.
Saat addımlarını yavaşıdır:  sakit-kit-kit... tik-tik-tik...

Qorxma, sevdiyim, sevincim...
Birdən-birə çat-çat olub 
tale xətlərini fala göstərən asfalt yollardan qorxma.
Şəhərlərin göy üzünə dikələn havalı binalarına bax,
yer altına dikilən qapalı lyuk gözlərinə baxma.

Baxma köpük rəngindəki bənizlərə,
körfəzindən gəmi keçməyən sulara, 
boğazından su da keçməyən dənizlərə.

Bax...
Kilsə zənglərinin oyun havasında  
Budda məbədləri rəqqasə barmaqları kimi yuxarı qalxır:  
Allah haradasa oralardadır. 

Dünyadı da...
Küləyi birdən dayanan payız ağacı kimi
yarpağı da titrəməyən dünyadı.
Yaralarındakı sarğılardan ütü getməyən, 
protezləri büdrəməyən dünyadı.

Yarıaçıq gözlərin baxışları uzun olur, qızım... 
Qorxma, bu, ölüm xırıltısı deyil, 
ümidimizin qanadlarının xışıltısıdı.

Bax...
çəmənlər yenə yaşıldı, sünbüllər yenə sarıdı, 
göbələklər yenə ağdı, gözlərin yenə qaradı.

Dodaqlarını da qanqırmızı rəngə boya: 
arxası üstdə çırpınan sərçə qarnından, 
sahildə atılmış tənha qayığın suyu axan burnundan, 
boş göyərçin damından, 
boş küçələrdən qorxma...

Qorxma, alnımızdakı  hərarət deyil, 
buğlanan yaz torpağının hənirtisidi.