“Qorxumdan “feysbuk”a girə bilmirəm” – - Partiya sədri

qorxumdan-feysbuka-gire-bilmirem-
Oxunma sayı: 2145


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, ADP-nin qərargahında keçirilən konfransda Müsavat, KXCP, “Ümid”, ADP və digər müxalifət partiyalarının təmsilçisi iştirak edib. KXCP sədri Mirmahmud Mirəlioğlu sədrlik etdiyi toplantıda bildirib ki, tədbirə parlamentdə təmsil olunan partiyalar, həmçinin hakim partiya olan YAP da dəvət olunub. 

Müsavat başqanı İsa Qəmbər isə bildirib ki, mövcud rejim ölkədə demokratiyanı məhdudlaşdırmaq yolunu tutub. O, fakt kimi sadəcə Konstitusiyanın dəyişdirilməsini, iki dəfə keçirilən referendumu göstərib. O qeyd edib ki, demokratiyanın məhdudlaşdırılması ölkəmizin çağdaş dünyada layiq olduğu yeri tutmasına imkan vermir. Demokratik inkişaf Qarabağ münaqişəsinin inkişafına da imkanlar yaradacaq. Ölkənin müstəqilliyinin təhdid altında olduğunu vurğulayan İ.Qəmbərin sözlərinə görə, insanların mühacirətindən də təəssüflə danışıb. “Biz nə edəcəyimizi müzakirə etməliyik. Bu, demokratiyanın qarşısının alınması rejimin seçimidir, özünün rəva gördüyü yanaşmadır. Günahı ilk növbədə rejimdə görməliyik. Həmçinin daxili və xarici amillər var”. İ.Qəmbər beynəlxalq təşkilatları da bu məsələdə qınayıb.  “Bizim tərəfdarlarımız bütün xalqdır. Xalq ölkədə dəyişiklik istəyir, xalqın demokratik dəyişikliklərə inamsızlığı var, bunu dəyişməliyik. Azərbaycanda demokratiyanın inkişafı üçün yenidən bir başlanğıc edəcəyik”,- deyə Müsavat başqanı dəyişikliklərin yaxında olduğunu vurğulayıb.

 “Ümid” Partiyasının sədri İqbal Ağazadə isə çıxışında bildirib ki, “nə etməli” sualına cavab axtarmaq lazımdır: “Cəmiyyətə açıq olmalıyıq. Xalq bu prosesə cəlb olunmalıdır. Kim nə qədər mübarizə apara bilirsə, o siyasi təşkilatlarla o qədər irəliləmək lazımdır. Xalq prosesin içinə alınmayacaqsa, məğubiyyət qaçılmazdır. Funksional əməkdaşlıq üçün bizə heç nə mane olmamalıdır”. Onun sözlərinə görə, cəmiyyətdə bir siyasət qorxusu var: “Bu qorxu götürülməlidir və daha çox insan bizim sıralarımıza cəlb olunmalıdır”.  

“Aydınlar” Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə qeyd edib ki, heç kim bizim əvəzimizə gəlib demokratik mühit yaratmayacaq: “Vuruşuruq, biz vuruşacağıq. Sıradan çıxanlar var, ağırdır, bunu bilirik. Amma bu yolda yürümək lazımdır”.

“Vəhdət” Partiyasının sədri Tahir Kərimli isə müxalifəti qabiliyyətsizlikdə ittiham edib. “Niyə xalq sizi dəstəkləmir? Ya xalq müdrik deyil, ya da müdrikdirsə, niyə sizi dəstəkləmir? Niyə indiyədək heç bir lider demir ki, mən hakimiyyətə gəlsəm, siyasi sabitliyi bərpa edəcəm. Niyə boyun olmurlar? Hərdən çaşıb mən də özümü müxalifətə aid edirəm. Məni iqtidarın adamı adlandırırlar. Buna görə qorxumdan “feysbuk”a girə bilmirəm”.

Bu isə tədbirdə bir qədər gərginlik yaradıb. Müsavat başqanı İ.Qəmbər yenidən söz alaraq deyib ki, xalq müxalifəti dəstəkləyir və elə ilk demokratik seçkidə buna şahid olmaq olar: “Cəmiyyət dinc yolla dəyişikliyə etimadı itirib, buna görə proseslərə qoşulmur”.  

AXP sədri Pənah Hüseyn isə bildirib ki, güclənmək lazımdır: “Bu, siyasi partiyaların fəallığından keçir. Hesab edirəm ki, kütlənin passivliyi siyasətçilərin passivliyindən keçir. Bu gün bu fəallaşmanın proqramı verilir”. O, həmçinin kütləvi aksiyaların keçirilməsinin müzakirə edilməsini də təklif edib.