Qoy sel çör-çöpü aparsın!

qoy-sel-cor-copu-aparsin
Oxunma sayı: 1206


Ölkədə tuthatutdu, qəflətən məlum olub ki, sən demə, ictimai sektordakı adamların yarısı narkoman, yarısı düşmən, hamısı vergi qaçaqçısıdır. Qorxuya düşüb cildini dəyişənlər də var, içəriyə girən kimi indiyədək “səhv” yaşadığını anlayan da. Bir sözlə, Azərbaycan hazırda xaos içərisindədir. Həbs təhlükəsində olanlardan çox hakimiyyətə can-başla xidmət edənlər qorxuya düşüb.

Vəziyyətin gərgin olmasının bir üstünlüyü də var. İnsanları tanımaq və qınamaq olur. Məsələn, dünənə qədər müxalifyönlü adamları və qəzetləri müdafiə edən, bu yolla məşhurlaşan vəkil Elçin Sadıqov birdən-birə anlayıb ki, əslində o, indiki hakimiyyətin siyasətini dəstəkləyirmiş. Özü də bu adam indiyədək hakimiyyəti sərt tənqid edən Media Hüququ İnstitutunun rəhbərliyindədir. Qurumun sədri Rəşid Hacılı isə hazırda Tbilisidə yaşayır, “Human Rights Watch” kimi mötəbər təşkilatın təmsilçisidir. Hər halda bunu mənə Tbilisidə rastlaşdığmızda Rəşid bəyin özü demişdi.

Görünür vəkili belə bir açıqlama yaymağa vadar edən təkcə İlham Əliyevə olan sevgisi deyil, həm də aylar öncə MHİ-lə bağlı yayılan söz-söhbətdir. Deyirdilər ki, MHİ, xüsusilə Rəşid Hacılı təhdid olunub, ölkədən çıxması üçün şərt qoyulub. Əks halda heç nə tapmasalar da, vergi qaçaqçısı kimi damlayacaqlar. Bəli, Rəşid Hacılı yenə demokratik düşüncəli, insan haqlarının qoruyucusu kimi mötəbər bir təşkilata sığınıb. Ölkədə qoyub getdiyi isə özünü qorumaq üçün cild dəyişmək məcburiyyətindədir.

Hər bir halda həbs xofu insanı özünə, sözünə, əməlinə qarşı qoyub bu gün.

Hesablarına həbs qoyulan kimi yığışıb Avropa Birliyi Şərqi Tərəfdaşlıq Forumunun İdarə Heyətinə müraciət edən 26 QHT rəhbəri də bu gün iç üzü açılanlar sırasındadır. Bu adamların arasında Müsavat Partiyası başqanlığına iddialı olan Qubad İbadoğlunun qardaşı Vüqar Bayramov, Samir Əliyev kimi adamlar var. Əksəriyyətini onsuz da az-çox həmişə hakimiyyətlə əlaqədə qınayıblar.

Mənə görə bu gün hakimiyyətin ictimai sektora təzyiqi təkcə insanları susdurmağa deyil, həm də bu düşərgədə işlədiyi adamların ifşasına xidmət edir.

Qorxu insanlara həm də bunu dedirdir: Mən buyam, istifadə olunan adam!

Bəlkə də çoxuna görə vəziyyət qəlizdir, azadlıq və məşəqqət uğrunda mübarizə gedir. Əslində isə mübarizə ləyaqətlə şərəfsizlik, cəsarətlə əqidəsizlik arasında gedir. Gözləyək, sular mütləq durulacaq. Qoy sel çör-çöpü aparsın!