“Qrip peyvəndi COVID-ə yoluxma riskini də azaldacaq”

qrip-peyvendi-covid-e-yoluxma-riskini-de-azaldacaq
Oxunma sayı: 1994

“Havanın soyumasının digər respirator xəstəliklərlə yanaşı, COVID-19-a yoluxma sayında da artıma səbəb olacağı gözlənilən idi. İnsanlar daha çox qapalı şəraitdə vaxt keçirirlər, immun sistemi zəifləyir, otaqlar az havalandırılır və bu da infeksion xəstəliklərin artmasına səbəb olur. Lakin rəqəmlər gözlədiyimizdən bir qədər artıq oldu. Burada yəqin ki, insanların özlərinin səhlənkarlığı da rol oynayır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun pulmonoloqu Günay Əliyeva REAL TV-yə müsahibəsində bildirib. O qeyd edib ki, hazırda insanlarımız ikiqat məsuliyyətli olmalıdırlar. İnsanlar sağlamlıqlarını qorumaqla həm həkimlərimizə, həm də dövlətimizə kömək etmiş olarlar:

“İlk gündən bəri dediyimiz qaydalara əməl etməliyik. Əllərimizi qaydalara uyğun 20 saniyə yumalıyıq, maskanı düzgün taxmalıyıq. İlk simptomlardan sahə həkimizə müraciət etməliyik. İctimai yerlərə, avtobusa daxil olanda maska taxılmalıdır. Çıxanda əllər spirtlənməlidir. Maska ağız və burun boşluğunu düzgün şəkildə örtməlidir. Eyni maskadan günlərlə istifadə etmək, cibdə gəzdirib yenidən taxmaq olmaz”.

Həkim əlavə edib ki, hazırda xəstələr daha ağır formada xəstəxanaya müraciət edirlər. Bunun bir neçə səbəbi var:

“Payız-qış mövsümündə onsuz da respirator xəstəliklər artır. İnsanlarda nəyə görəsə “məndə COVID ola bilməz” fikri var. Bu güvən səbəbindən həkimə gec müraciət edirlər. Bəzən 10 gün 38-39 dərəcə hərarətlə həkimə müraciət etməyənlər var. Bu halda xəstənin vəziyyəti ağırlaşır. Xəstə virusa yoluxanda 5-7 gün ərzində ilkin əlamətlər özünü göstərir. Artıq bu əlamətlərdən oyanıb sahə həkiminə müraciət etməlidirlər. Əks halda, pnevmaniya ortaya çıxa bilər, tənəffüs çatışmazlığı yarana bilər. Xəstə bu etapı da gecikdirərsə, onun həyatını qurtarmaq daha çətin olur”.

G. Əliyeva bildirib ki, virusların mutasiya etmək qabiliyyəti var. Lakin bu zaman daha da güclənirmi, yoxsa zəifləyir, bu haqda məlumat yoxdur. Həmçinin virusa yoluxan xəstələrin də ikinci dəfə yoluxması halları var. Qanımızdakı antitellərin bizi nə qədər qoruyacağı məlum deyil. Həkim həmçinin bildirib ki, qrip peyvəndini almaq qriplə birgə COVID olma riskini azaldacaq. Həm də əgər pasiyent COVID-ə yoluxarsa, onu yüngül keçirəcək.

G.Əliyeva vaksinlərlə bağlı məsələyə də toxunub. O, bildirib ki, üçüncü mərhələyə 8-9 vaksin keçib. Lakin hələ ki, tam təsdiqlənmiş vaksin hazır deyil, bu yöndə işlər davam edir.

Gülnar Əliyeva