Qrip vaksini pulsuzdur - Hara müraciət edək?

qrip-vaksini-pulsuzdur
Oxunma sayı: 2622

Hazırda “Tibbi Ərazi Bölmələrinə İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.

Rəsmi məlumata görə, arzu edən şəxslər Niderland istehsalı olan vaksinləri vurdurmaq üçün qeydiyyatda olduqları tibb müəssisəsinə müraciət edə bilərlər. 

Vaksinasiya ödənişsizdir və dövlət hesabına aparılır.

Məlumat üçün bildirək ki, influenza el arasında qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla biruzə verir və adətən simptomatik müalicə olunur.

İnfluenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür.

Bildirilib ki, qripə yoluxan şəxslərə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə həkimə müraciət etmələri tövsiyə olunur. Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar.

Qeyd edək ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda influenza epidemiyası elan olunub.