Qubada çayda təhlükəli vəziyyət - 2 yaşlı uşaq orada ölmüşdü...”

qubada-cayda-tehlukeli-veziyyet
Oxunma sayı: 2193

“5 ildir ki, bu kəndin məktəbində müəllim işləyirəm. Bu müddət ərzində kəndi ikiyə ayıran Cimi çayının sakinlər üçün nə qədər problem yaratdığına şahid olmuşam. Problem illərdir var, amma həllini tapmır”.

Bu şikayətlə “Qafqazinfo”ya Quba rayonunun Cimi kəndində yaşayan və müəllim olaraq çalışan Zeynəb Məmmədli müraciət edib.

Onun sözlərinə görə, çayın üzərində körpünün olmaması sakinlər üçün ciddi təhlükə yaradır: “Cimi çayı kəndi ikiyə ayırır. Onun üzərində körpü olmadığına görə, insanlar çayın içindən avtomobillə keçir. Bu da təhlükəlidir. Çaya güclü sel gələndə isə heç maşınla da keçmək mümkün olmur. Hazırda kəndin 9-10 şagirdi o çayı keçərək hər gün dərsə gəlməyə məcbur olur. Bu isə onların həyatı üçün ciddi təhlükə yaradır. Güclü sel olanda dərsə gedə bilmirlər. Təkcə uşaqlara yox, elə kənd sakinləri üçün də problemdir. Kəndin bu üzündən o biri üzünə getmək üçün çayı keçmək lazım olur”. 

Müəllimin sözlərinə görə, kənd sakinləri dəfələrlə çayın üzərində körpü qurulması üçün aidiyyəti qurumlara müraciət etsələr də, bunun heç bir nəticəsi olmayıb: “Əslində bu çay Qonaqkənd kəndinin içindən də keçir. Lakin həmin kənddə artıq 2 ildir çayın üzərinə körpü salınıb. Amma bu kənddə məsələyə baxan yoxdur. Kəndin 1200-ə yaxın əhalisi var. Mən 5 ildir bu problemi görürəm. Hələ məndən əvvəl də sakinlər bu çətinliyi yaşamalı olub. Hətta 3 il öncə kənd sakini 2 yaşlı uşaq həmin çayda boğularaq ölüb. Əslində iki uşaq olublar. Biri xilas edilib, digəri isə boğulub”.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Quba Rayon Təhsil Şöbəsinin nümayəndəsi Namik Hümbətov bildirib ki, problemdən xəbərdardılar: “Hazırda çayın üstündə körpü yoxdur. Yağış yağanda, sel gələndə məktəblilərin dərsə gedib-gəlməsi böyük problemə çevrilir. Bu da davamiyyətə təsir edir. Təxminən bir-iki gün uşaqlar dərsdən qalırlar. Çox vaxt elə kənd camaatı uşaqları maşınla keçirir. Məsələ burasındadır ki, Təhsil Şöbəsi olaraq bizim edə biləcəyimiz bir şey yoxdur. Yəni biz orada körpü tikə bilmərik”. 

Quba Rayon İcra Hakimiyyəti başçısının Qonaqkənd üzrə nümayəndəsi Rasim Bəşirovun saytımıza verdiyi açıqlamaya görə, çayın üzərində boru var: “Həmin borunun üzərindən insanlar da, maşınlar da hərəkət edə bilir. Son günlər yağıntının artması ilə əlaqədar çayda su çoxalıb və məhdudiyyətlər yaranıb. Həmin borunu çıxarıb kənara qoymuşuq ki, su aparmasın. Bu da qarşıdakı günlərdə aradan qaldırılacaq. Borunu yenidən öz yerinə qoyacağıq”.

Lamiyə Məmmədova