Qubadakı kütləvi məzarlıq məhv olmaq təhlükəsi qarşısında

qubadaki-kutlevi-mezarliq-mehv-olmaq-tehlukesi-qarsisinda-
Oxunma sayı: 640

Tezliklə tədbir görülməsə, ermənilərin azərbaycanlılara qarşı soyqırımının canlı sübutu olan Qubadakı kütləvi məzarlıq məhv ola bilər.

Qubadakı kütləvi məzarlıqda yeganə salamat qalan quyu dağılmaq üzrədir. Buradakı insan sümüklərində artıq çatlama baş verib. Məzarlıqda işləyən texniki işçilər hətta quyunun uçmaması və quyunun dağılmaması üçün bura taxta dayaq da qoyublar.

Məzarlıqda aşkar olunduğu gündən 2008-ci ilin sentyabr ayına qədər elmi araşdırma aparmış AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstutunun Quba soyqırımı üzrə ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev ANS-ə bildirib ki, məzarlıqdan 7 min ədəd insan sümüyü dərmanlanmaq üçün bura göndərilib. Sümüklər dərmanlanıb və məzarlıqda şüşəli muzey yaradılanda, eksponat kimi buraya qoyulacaq.

Amma Qəhrəman Ağayev hesab edir ki, məzarlığın özündəki daşınması mümkün olmayan insan sümükləri artıq aşılanmış vəziyyətə düşüb: “Onların götürülməsi mümkün olmayanlar isə yerində dərmanlanmalı idi. Amma çox təəssüflər olsun ki, bu günə qədər bunlar dərmanlanmayıb. Hazırda sümüklərin hamısında parçalanma, deformasiya gedir. Bununla bərabər havaların pis keçməsi, bilirsiz ki, Quba şimal bölgəsidir və havaların birdən birə isti-soyuq keçməsi torpaqda parçalanma yaradıb”.

Yeri gəlmişkən bildirək ki, məzarlığın yaxınlığında 2010-cu il noyabr ayından soyqırım xatirə kompleksinin inşasına başlanılıb və sivri qılınc formasında inşa edilən kompleksdə işlərin təxminən 70 faizi görülüb.

Rayona təyinat aldığı gündən kütləvi məzarlığı ziyarət etdiyini deyən Qubanın yeni icra başçısı Mübariz Ağayev ANS-ə eksklüziv müsahibəsində məzarlığın uçulub dağılmaması üçün müvafiq texniki tədbirlər görüləcəyi bildirib.

Soyqırım günü ərəfəsində kütləvi məzarlığı ziyarət edənlərin sayı daha da çoxalıb. Sabah soyqırım günündə kütləvi məzarlıqda və soyqırım xatirə kompleksində silsilə tədbirlər keçiriləcək. Ümümiyyətlə, həmin gün məzarlığı minlərlə insanın ziyarət edəcəyi gözlənilir.