Qubadakı yanğın söndürülüb - Yenilənib

qubadaki-yangin-sondurulub
Oxunma sayı: 2495

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qonaqkənd və İsnov kəndləri, Siyəzən rayonunun Ərziküş və Köhnə Quşçu kəndləri, Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında meşəətrafı ərazilərdə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, Quba rayonu ərazisində yanğınlar məhdudlaşdırılıb.

Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınsöndürmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır.

Əlavə məlumat veriləcək.

***

Quba rayonunun Qonaqkənd və İsnov kəndləri yaxınlığında meşəətrafı ərazilərdə baş verən yanğın söndürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərtac-ın bölgə müxbirinə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Aydəmir Manafov məlumat verib.

A.Manafovun sözlərinə görə, meşəətrafı ərazidə baş verən yanğın İsnov kəndində yaşayış evlərinə qədər yaxınlaşsa da, Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının vaxtında müdaxiləsi ilə söndürülüb.

“Biz hazırda müvafiq qurumların nümayəndələri ilə birlikdə yanğın baş verən ərazidəyik. Əvvəlcə İsnov, sonra isə Qonaqkənd istiqamətində yanğın söndürüldü. İndi FHN-in əməkdaşları yanğının yenidən alovlanmaması üçün tədbirlər görürlər. Kənd sakinlərinə və təsərrüfatlara ziyan dəyməyib” - deyə A.Manafov bildirib.