Qulu Məhərrəmli sabah məhkəmə qarşısına çıxarılır

qulu-meherremli-sabah-mehkeme-qarsisina-cixarilir
Oxunma sayı: 2413

AzTv sədri Arif Alışanovun media eksperti Qulu Məhərrəmliyə qarşı iddiası üzrə iş icraata götürülüb.

Q.Məhərrəmlinin vəkillərindən biri Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı Cinayət Məcəlləsinin (147-ci böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayətə dair keçiriləcək məhkəmə iclasının vaxtı müəyyən olub.

Şikayətə aprelin 1-də Yasamal rayon məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Qulu Məhərrəmli bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalarda AzTv-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib.

Xatırladaq ki, Arif Alışanov Qulu Məhərrəmliyə cinayət işi açılması ilə kifayətlənməyib. O, Qulu Məhərrəmlidən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edən A. Alışanov məlum müsahibədə şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib və Mülki Məcəllənin 23-cü maddəsinə uyğun olaraq Q. Məhərrəmlinin cərimə olunmasını istəyib. Jurnalistdən 100 min manat tələb edən AzTV sədri ərizəsində bu pulu Körpələr Evinə verəcəyini göstərib. Nəsimi Rayon Məhkəməsindən işlə bağlı hakim E.Hümbətovun sədrliyi ilə hazırlıq iclasının keçirildiyi bildirilib.

Murad Əhməd

Vəkil Cavid Rzazadə