"Bizdə tam qarşılıqlı anlaşma var" - - Əliyev

quotbizde-tam-qarsiliqli-anlasma-varquot-
Oxunma sayı: 1831


"Qafqazinfo" "AzərTAc"a istinadən Azərbaycan prezidentinin görüş zamanı səsləndirdiyi fikirləri təqdim edir:

Möhtərəm Qurbanqulu İmanqulu oğlu, bizim dövlətlər arasındakı münasibətlər barədə dediyiniz xoş sözlərə görə çox sağ olun. İstərdim ki, ilk növbədə, Türkmənistanın Sizin rəhbərliyiniz altında qazandığı böyük nailiyyətlər münasibətilə Sizi təbrik edim. Biz Sizin uğurlarınıza sevinirik və ümid edirik ki, bizim dostluq, mehriban qonşuluq münasibətlərimiz daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizin toxunduğunuz məsələlərlə bağlı bizdə tam qarşılıqlı anlaşma vardır. Biz siyasi münasibətlərimizi daha da möhkəmləndirmək əzmindəyik. Bizim Sizinlə görüşlərimiz, eləcə də xarici işlər nazirlərinin digər səviyyələrdə müntəzəm  görüşləri  münasibətlərimizin xarakterini bariz şəkildə göstərir. Bu, yaxın dostluq, qardaşlıq münasibətləridir. Biz bir-birimizə xeyirxahlıq, sülh arzulayırıq, bütün istiqamətlərdə əməkdaşlığı daha da gücləndirmək niyyətindəyik.

İqtisadi istiqamətdə də, əlbəttə ki, potensialımız böyükdür, əmtəə dövriyyəsi artır. Düşünürəm ki, gələcəkdə indiyədək istifadə olunmayan imkanları da işə salacağıq. Əlbəttə ki, enerji, nəqliyyat təhlükəsizliyi məsələləri ölkələrimiz arasında paralel həllini tapır. Bu, ondan irəli gəlir ki, biz vəziyyəti düzgün qiymətləndiririk, ölkələrimizin inkişafını iqtisadiyyatın möhkəmləndirilməsində və regional əməkdaşlığı inkişaf etdirməkdə görürük.

Mən bilirəm ki, Azərbaycanda olduğu kimi, Türkmənistanda da böyük müasir liman tikilir. Bu yeni limanlar bizim ölkələrimiz və xalqlarımıza xidmət edəcəkdir. Biz Xəzər vasitəsilə yük daşınmasını daha da artıracağıq və bununla da iqtisadi potensialımızı möhkəmləndirəcəyik.

Həmçinin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq paralel templərlə inkişaf gedir. Bu sahə də xalqlarımızın rifahına, tərəqqisinə xidmət edir. Düşünürəm ki, bu layihələr, eləcə də Xəzərdə təhlükəsizliyin və ekoloji tarazlığın birgə qorunması səyləri vəziyyətin müsbət həllinə öz təsirini göstərəcəkdir. Xəzər dostluq, qardaşlıq dənizidir, bizim ümumi su hövzəmizdir. Biz də əlbəttə ki, qardaşcasına əməkdaşlıq edirik. Ümid edirik ki, Xəzəryanı dövlətlərin Bakı sammitindən sonrakı ilk sammiti də bu əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəkdir.

Siz mədəniyyət sahəsinə toxundunuz. Əlbəttə ki, bu istiqamətdə də fəal əməkdaşlıq edir və işləyirik. Bizim geniş tərkibdə nümayəndə heyətimiz Türkmənistanın böyük oğlu Məhtumqulu Fəraqinin Aşqabadda keçirilən yubileyində iştirak etdi. Bakıda da müvafiq tədbirlər keçirildi. Bizim xalqlarımızın görkəmli oğullarının irsi, əlbəttə ki, böyük sərvətimizdir, biz onlarla fəxr edirik. Əlbəttə ki, biz onları təbliğ etməli və öz vətəndaşlarımıza ölkələrimizin malik olduğu yüksək mədəniyyət nümunələrini təqdim etməliyik. Tezliklə Bakıda Müasir Xalça Muzeyi binasının açılışı gözlənilir. Açılışdan sonra hesab edirik ki, Türkmənistan da xalçaçılıq sahəsində öz yüksək sənət nümunələrini  təqdim edəcəkdir. Bu da bizim xalqlarımızı yaxınlaşdıran bir sahədir. Bizim xalqlarımızın xalçaya xüsusi münasibəti vardır. Bu, təkcə dekorasiya, rahatlıq elementi deyil,  xalça bizim xalqlarımızın istedadını və mədəniyyətini əks etdirir. Xalça hər bir türkmən və azərbaycanlı üçün doğmadır. Mən çox şadam ki, Türkdilli Dövlətlərin Sammiti müntəzəm keçirilir, biz qarşılıqlı fəaliyyətin mühüm məsələlərini müzakirə edirik. Eləcə də bu yaxınlarda Bakıda Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirildi. Bu da əməkdaşlığın yeni formatıdır, həm də müsbət və səmərəli hadisədir. İkitərəfli və beynəlxalq təşkilatlarda görülən işləri təhlil edərkən yaxşı nəticələr əldə edildiyinin şahidi oluruq. Bu da bizi yeni addımlara ruhlandırır. Bir daha Sizi əldə olunan uğurlar münasibətilə təbrik etmək, qardaş Türkmənistan xalqına rifah və xoşbəxtlik diləmək istəyirəm.