Bir il əvvəl o qadından yazmışdım- ona təcavüzə qalxan çobanı öldürən qadının hekayəsini. O, 2012-ci ilin dekabrında 7 il müddətinə həbs edilmişdi. Bu il Novruz ərəfəsində əfvə düşüb. Bu dəfə də onu ailəsində və ailəsi ilə həmsöhbət oldum.
Bir neçə gün əvvəl həbsdən çıxan Şəhla Muxtarova həyat yoldaşı və beş uşağı ilə Göygöl rayonunun Murovdağ qəsəbəsində kiçik, alaqaranlıq bir otaqda yaşayır. Onların yaşadığı bir qədər geniş evi qadının həbsindən sonra satıblar ki, rüşvət verib işini yüngülləşdirə bilsinlər. Bundan sonra ailənin başçısı Mübariz Muxtarov dörd uşaqla aylarla, hətta soyuqda belə çadırda yaşayıb. İndi yaşadıqları daxmanı isə onlara müvəqqəti olaraq tikiblər ki, qışı bayırda donmasınlar.
Qadın hadisə barədə detallı danışmaq istəmir. Sadəcə deyir ki, məhbəs çətin yerdir, heç kimin oraya düşməsini arzulamır: “Çox çətindir, günlər keçmirdi. Yaxşı ki, Uğur (iki yaşlı kiçik oğlu- R.R.) vardı yanımda. O, yaşamağım üçün tək səbəb idi”.
O, bildirir ki, normal iş tapa bilsəydi, başqa rayona çobanlığa getməz və başına da belə iş gəlməzdi. Həyat yoldaşı da əlavə edir ki, elə indi də iş tapmaq lazımdır: “Heç olmasa, başı qarışar, həm də ailəni tək dolandıra bilmirəm. Beş uşaqla çətindir, ayda banklara 800 manat borcum var”. Həmin borcu isə onlar türmədəki Ş.Muxtarovaya görə götürüblər…
Uşaqlardan böyüyünün 14 yaşı var, kiçiyinin isə 2. Ailənin kiçiyi olan Uğur türmədə dünyaya gəlib. Bir neçə gündür ki, o da azadlıqdadır. “Hələ öyrəşə bilmir heç nəyə. Maşından, hətta həyətdəki toyuqdan qorxur. Həyətə düşəndə isə sevinir”,- Şəhla Muxtarova deyir. “Uşaqların üçü məktəbə gedir. Biri də bu il gedəcək. Dörd uşağı oxutmaq zülümdür. Azadlığa çıxandan sonra hələ rayon rəhbərliyindən heç kim gəlməyib. Bayramdan sonra gözləyirik. Yəqin ki, dərdimizi dinləyən olacaq”.
Bu yerdə qeyd edək ki, ailənin həyatını qaraldan faciə 2012-ci ilin mayında baş verib. 2011-ci ilin sonlarında otuz yaşlı Şəhla Muxtarova və həyat yoldaşı otuz beş yaşlı Mübariz Muxtarov dörd uşağı ilə Murovdağda məskunlaşıb. Əslən Kəlbəcər rayonundan olan ailənin dolanışığı ağır olduğundan, çıxış yolunu Yevlax rayonunda imkanlı şəxsin fermasında işləməkdə görür. Ali təhsilli olan qadını ibtidai sinif müəllimi kimi məktəbə işə düzəltmək üçün isə Kəlbəcər məktəbində 5 min manat rüşvət istəyiblər. Bu səbəbdən ailə fermaya çobanlığa gedib. Gördükləri işin müqabilində onlara ayda iki yüz manat pul və bir kisə un söz veriblər. Lakin dörd ayın sonunda sahibkar 150 manatdan pul verilib. Ailə bir ilə yaxın həmin fermada işləyəndən sonra isə ailənin düzənini pozan qətl törədilir...
2012-ci ilin mayında səhər tezdən Şəhla Muxtarova qoyunların yerləşdiyi tövləyə gedəndə oradakı çobanlardan biri ona söz atıb. Ələddin Məhərrəmovun qadına təcavüz etmək cəhdi səbəbindən gəlin özünü müdafiə məqsədi ilə qoyun qırxmaq üçün olan qayçı ilə onu vurub. Ələddinin cibində olan qayçı kişinin qabırğasının altına girib və ölümünə səbəb olub. Hadisə barədə ailə polisə müraciət edib və qadın həbs edilib. Hamı qadının özünü qorumaq üçün atdığı addımın hakim və qanunlar tərəfindən nəzərə alınacağını gözləsə də, nəticə çox pis olub.
İş Yevlax rayon Məhkəməsindən Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Şəkidə isə prokuror Fuad Musayevin istədiyi rüşvəti isə ailə tapa bilməyib. Acığa düşən prokuror 14 il 6 ay 7 saat iş istəyib. Hakim isə 8 il iş verib. Məhkəmə hadisənin özünü müdafiə məqsədilə törədildiyini, ilk hadisə olduğunu, qadının dörd uşağının olmasını və hamilə olduğunu və sair yüngülləşdirici səbəblərin heç birini nəzərə almayıb. 2012-ci ilin dekabrın 25-də qadın həbs olunub və iki gün sonra qadının beşinci uşağı doğulub. Bundan sonra Şəki Apelyasiya Məhkəməsi işi 7 ilə endirib. Bir il işi azaltmağa görə ailənin 3 min manat xərci çıxıb. Həmçinin ailə bildirirdi ki, qadının türmədən çıxarılması üçün 20 min manat lazım imiş. Türmədə yatan insanların yaxınlarından öyrəniblər bunu.
Hazırda ailə borc içindədir. Bir neçə banka borcları var. Ailəyə heç sosial yardım da verilmir. Ailə başçısı isə iş tapmaqda çətinlik çəkir. Həmçinin ev problemləri var. Ailə rayon rəhbərliyindən köməklik gözləyir: “Heç olmasa, yaşamağımız üçün bir yer olsa, bundan sonrakı həyatımızı nizama salardıq”,- deyir Ş.Muxtarova. O, evində qonaq olduğumuz müddətdə bir neçə dəfə təşəkkür edir və bunu yazmağımı xahiş edir: “Dövlət başçısına təşəkkür edirəm ki, məni ailəmə, balalarıma qovuşdurdu. Çox sağ olsun. Azadlığa çıxmağıma köməklik etmiş hər kəsə təşəkkürümü bildirirəm. Sağ olsunlar. Hələ beş ilə yaxın vaxtım qalmışdı azadlığa çıxmağa. Heç ümidim qalmamışdı”...