Qurban bayramı Şəhid ailələri ilə birlikdə qeyd edilib

qurban-bayrami-sehid-aileleri-ile-birlikde-qeyd-edilib
Oxunma sayı: 1221

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Qurban bayramını şəhid ailələri və qazilərlə birgə şəhid Qurbanovların ailəsində yeni evdə qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Naftalan ŞPŞ-nin rəisi Zaur Bədəlov, Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, Naftalan Cümə Məscidinin imamı Hacı Rəşad Hüseynov, şəhid ailələri, qazilər və digər məsul əməkdaşlar iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

ŞİH-nin başçısı çıxışında, dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd edildiyini vurğulayaraq bildirib ki, Müzəffər Ali Baş Komandanımızın və Rəşadətli Ordumuzun Vətən Müharibəsindəki Zəfəri xalqımızın əyilməz ruhunun təntənəsidir. Həmçinin, şəhid valideynləri ilə səmimi söhbət zamanı azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən, şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıdan söhbət açılıb, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlar ifadə olunub.

ŞİH-nin təşkilatçılığ ilə keçirilən tədbirdə ənənəyə uyğun olaraq qurban kəsilib, dualar oxunub. Sonda iştirakçılara bayram sovqatları təqdim olunub. Nadir Qurbanov müqəddəs bayramı yeni evində onunla birlikdə qeyd etdiklərinə görə öz dərin minnətdarlığını ifadə edib.

Qeyd edək ki, 27 sentyabr 2020-ci ildə erməni terrorçularının atdığı top mərmisi nəticəsində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Nadir Elbrus oğlunun ikisi uşaq olmaqla 5 ailə üzvü həyatını itirib.