“Qurban Qurbanov hər yeni problemə ağlagəlməyən həll yolu tapır”

qurban-qurbanov-her-yeni-probleme-aglagelmeyen-hell-yolu-tapir
Oxunma sayı: 2819

“Qarabağ”ın baş meneceri Asif Əsgərov Polşanın “TVP Sport” saytına müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin rəsmisi klubun strukturundan, Qurban Qurbanovdan, Nurlan İbrahimovun UEFA tərəfindən cəzalandırılmasından danışıb…

- “Lex” haqda nələri bilirsiz?

- Polşanın ən böyük klublarından biri ilə qarşılaşacağıq. Onların son mövsümdə ölkə çempionu olması hər şeyi deyir. Amma biz də 10 ildən çoxdu avrokuboklarda oynayırıq. Belə matçlara öyrəşmişik. “Lex”ə hörmətlə yanaşırıq.

- Avrokuboklarda debüt etdiyiniz vaxtdan sizi izləyirəm. Oyun tərzinizə, transferlərinizə baxıram. Heç nə təsadüfi görünmür...

- Uğurlarımız əziyyətimizin bəhrəsidi. Klub olaraq peşəkar skaut heyətimiz var. İlboyu transfer proseslərini həyata keçiririk. Sistemimizə uyğun oyunçular axtarırıq. Yerli və milli reallıqları nəzərə almalıyıq. Bizim üçün futbolçunun harda oynamasının, haralı olmasının fərqi yoxdu.

- Skaut qrupunuz necədi, neçə nəfər işləyir?

- Bizim üçün kəmiyyət yox, keyfiyyət önəmlidi. İşində peşəkar olanları götürürük. Strukturumuzu başqa klublardan fərqləndirəcək nəsə yoxdu.

- Futbolçularda hansı keyfiyyətlərə üstünlük verirsiz?

- Bu, daha çox texniki şöbəyə aiddi. Komandanın ehtiyacları ödənilməlidi. Rəhbərlik buna müdaxilə etmir. Oyunçularla bağlı qərarı biz veririk.

- Azərbaycan çempionatı o qədər cəlbedici deyil. Nə idman, nə də azarkeşlər baxımından. Belə şəraitdə işləmək çətin deyil?

- Düzdü, liqamız cəlbedici deyil, amma nə edək? Biz burda yarışmağa öyrəşmişik. Premyer Liqamız tanınmasa da, Azərbaycan çempionu olmaq göründüyü qədər asan deyil. Avropa Liqasında yüksək reytinqli komandalarla qarşılaşırıq.

- “Kopenhagen”i məğlub edəndən sonra Çempionlar Liqasının qrupuna düşdüz. Sonra PAOK-dan Pedro Enrikeni transfer etdiz. O, müəyyən dərəcədə məşhur futbolçu idi. Niyə Maykl Essyen, Keysuke Honda kimi oyunçuları almadız?

- Pedronu adına görə transfer etmədik. Yeganə amil oyun üslubumuza uyğun olması idi. Adlara yox, sistemə önəm veririk. Karyerasını yekunlaşdırmaq üzrə olan futbolçu transfer edirsizsə, bu, reklama görə edilmiş olur. Bu zaman nəticə əldə etmək olmur. Nəticəni gözləməyə də vaxt yoxdu. Biz isə nəticə reklamı yox, nəticə qazanmağı daha üstün tuturuq.

- Yakub Jezniçakı necə xatırlayırsız?

- “Kuba” böyük peşəkardı. Biz nə vaxt oynasaq, azarkeşlik edir. Onunla yaxşı münasibətimiz var. Dostluq əlaqələrimizi saxlamağa çalışırıq.

- Polşa klubları ilə oyunlarda üstünlüyünüz var. Matçları xatırlayırsız?

- Hamısı yadımdadı. Üç dəfə qarşılaşmışıq. Hər biri fərqli oyun olub. Krakov “Visla”sı ilə matçda heç kim bizə inanmırdı. Lakin onları məğlub edə bildik. "Legiya" ilə qarşılaşma isə tariximizin ən vacib oyunlarındandı. Ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə çalışırdı. Heyətdə ciddi zədələrimiz var idi. Böyük problemlər yaşayırdıq. Buna baxmayaraq, qələbə qazandıq. İnanılmaz idi. Bütün Azərbaycanın qələbəsi idi. Bu oyunda qalib gəlmək tarixi və mənəvi borcumuz idi.

- Bütün qarşılaşmaları məşqçi Qurban Qurbanovun fiquru birləşdirir. O, 2008-ci ildən “Qarabağ”a xidmət edir. Sən də 2004-cü ildən klubda çalışırsan. Bəlkə uğurun sirri budu? O vaxtdan bəri Polşa klublarında çox insanlar dəyişdi. Tutaq ki, mən Polşa klubunun idman direktoruyam. Sənin kimi uğurlu olmaq üçün nə etməliyəm?

- Təcrübə bilikdən daha vacibdi. Təbii ki, bu, o demək deyil ki, siz birini və ya digərini seçsəz, uğura zəmanət veriləcək. Qurban Qurbanov baş məşqçi olanda 15 il bir yerdə işləməyin xəyalını qurmadıq. Onda biz hər il avrokuboklarda iştirak edən klub deyildik. Amma uğura psixoloji hazırlaşırdıq. Qurbanovun əvvəlcə minimal hədəfi var idi - avrokuboklara vəsiqə qazanmaq. O dövrün reallıqlarına baxanda bu çətin idi. Amma Azərbaycan kubokunu qazanandan sonra uğurlarımız davamlı oldu. Bu, gələcək taleyimizi müəyyən edən bu qığılcım idi. Biz güclü, sabit kluba çevrilmişik. İlk çempionluğu 5 il gözlədik, amma səbirli olduq və işi məşqçinin öhdəsinə buraxdıq. Biz ildən-ilə təkcə idman baxımından yox, həm də mənəvi cəhətdən böyüyürdük, qələbələrə hazır olurduq.

- Qurban Qurbanov necə insandı?

- Klubda işlədiyim illərdə bir-birimizi yaxından tanıdıq. Azərbaycanda çox məşhur olsa da, təvazökar qalır. Həyatın heç bir səviyyəsində təkəbbürlü deyil və insanlara hörmətlə yanaşır. Birlikdə işlədiyiniz illər ərzində kiminsə bir çox məsələlərdə reaksiyasını müşahidə edə və adamın necə davrandığını bilirsiz. Bu, vacibdir. Bir-birinin əxlaqi prinsiplərinə qarşılıqlı inam mütləqdi. Məşqçi ilə münasibətimizdə bu əsas məsələdi. Hər yeni problemə ağlagəlməyən həll yolu tapır. O, heç vaxt uğurlarını itirmir və motivasiya tapır. Ola bilsin, “Qarabağ”ı uzun illər uğura aparan sirr budu. O, prinsipial insandı, vətənpərvərdi, Azərbaycanın görkəmli vətəndaşıdı. Azərbaycan prezidenti 3 dəfə “Qarabağ”ı qəbul edib. Ümumiyyətlə, ölkə başçısı klubları nadir hallarda qəbul edir. Lakin Qurban Qurbanovun rəhbərliyi altındakı “Qarabağ” dediyimiz məsələdə istisnadı.

- “Qarabağ” 1993-cü ildən Ağdamda oyun keçirmir. Doğma şəhərə qayıtmaq hansısa perspektivdə realdı, yoxsa Bakıda məskunlaşdığınız üçün bunu heç kim nəzərə almır?

- Düzdü. “Qarabağ” 1993-cü ildə öz şəhərindən təcrid olunub. Bu dəhşətli dövr 2020-ci ilin noyabrında Azərbaycan ordusunun Qarabağı işğaldan azad etməsindən sonra başa çatıb. Bu illər ərzində biz lider olmağı qarşımıza məqsəd qoymuşuq. İdman vasitəsilə işğal olunan ərazilərdən olan qaçqınların səsi olmaq istəyirik. Bu gün inanmaq çətin ola bilər, amma 90-cı illərdə Qarabağa aid mövcud olan şey ancaq klub idi. Lakin şəraitə və çətinliklərə baxmayaraq, klub Azərbaycana sadiqliyini və mənşəyini dərk edib. Klub hər addımda bir milyon qaçqına ümid bəxş etməyə borclu idi. Biz illərboyu Prezident İlham Əliyevə inanırdıq ki, o, Qarabağ ərazisinin azad edilməsi üçün əlindən gələni edir. 2008-ci ildə Ağdama yaxın ərazidə oynadıq, amma bu, təhlükəli idi. Ermənilər stadionu bombalaya bilərdi. Amma qeyd etdiyim kimi, 2020-ci ildə heç olmasa, torpaqlarımızı geri aldıq. Təəssüf ki, Qarabağın bütün bölgəsi Ermənistan ordusu tərəfindən dağıdılıb. Xüsusilə beynəlxalq media tərəfindən Qarabağ Xirosiması kimi tanınan Ağdam. Ağdama qayıtmağı səbirsizliklə gözləyirik, amma bu, yaxın gələcəyin məsələsi deyil. Artıq Ağdamda sürətli yenidənqurma işləri gedir və bu, müəyyən vaxt aparacaq.

- Futbol Qarabağın “küllərindən doğulmasına” təkan verir. Çempionlar Liqasında “Çelsi” ilə oyundan öncə “Evdən uzaqda, amma həmişə aid olduğun yerdə” pankartını açan azarkeşləri xatırlayıram. Mən onu da bilirəm ki, siz 2017-ci ildə klubun sosial şəbəkə hesabında qırılmış stolun üstündə uzanmış, öldürülmüş balaca uşağın şəklini dərc etmisiz. Bu, həqiqətən susmayacağınızı göstərir?

- 2017-ci ildə hələ ki, torpaqlarımız işğal altında idi və biz Çempionlar Liqasının qrup mərhələsində çıxış edən yeganə Azərbaycan klubuyuq. Bu, bütün ölkə üçün əla, emosional an idi. Biz həmişə sülhün tərəfdarı olmuşuq. Hər bir ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri var ki, hər bir qonşu onlara hörmət etməlidi. Ərazimizin 20 faizi işğal olunub, Qarabağ isə 30 ildi ki, xəyal bölgəsidi. 2020-ci ildə biz 44 günlük müharibə nəticəsində torpaqlarımızı azad etdik, bunun sayəsində bir milyon insan tezliklə öz doğma yurdlarına qayıdacaq.

- Siz azərbaycanlısız və məntiqlidi ki, Ermənistanda yaşayanlar düşməninizdi. Amma bir anda xətti keçdiz. Mən mətbuat katibi Nurlan İbrahimovun “feysbuk”da yazdığı statusu nəzərdə tuturam. O, qeyd edib ki, hər bir erməni öldürülməlidi. Bura qadınlar, uşaqlar və qocalar da daxildi. Bunu isə soyuqqanlılıqla etmək lazımdı. Bu nifrət çağırışına görə UEFA tərəfindən cərimələndiz.

- 7 yaşlı uşağınızın gözünüzün önündə bomba atılaraq öldürüldüyünü görəndə nə fikirləşərsiz? Hansı hissləri yaşıyarsız? Nurlan da 4 qız atasıdı. Düşmən tərəfindən öldürülən balamızı öz övladı kimi təsəvvür edərək bu statusu yazıb. Mən Nurlanı 15 ildən çoxdu ki, tanıyıram və onun belə davrandığını görməmişəm. Bu sözlər müharibə haqda yazılmışdı. Onun emosionallığı səhv idi. Nurlan 4 qız atası kimi ermənilərin Tərtər şəhərini bombalamasından hiddətlənmişdi. Travmatik duyğular səngidi, yazdığını sildi. Düzdü, səhv etdi, amma onun futboldan ömürlük diskvalifikasiyaya layiq olmadığına dair kifayət qədər əlamətlər var. Nurlan heç bir insanı öldürə bilməz. Hazırda məsələyə İAM baxır. Ümid edirəm ki, qurum düzgün qərar verəcək və daha yüngül hökm oxuyacaq.

- Azərbaycanlı olaraq ermənilərlə davamlı sülh şansı görürsüz?

- Azərbaycan həmişə sülhsevər ölkə olub. Bizim qonşularımıza qarşı heç vaxt ərazi iddialarımız olmayıb. Baxmayaraq ki, mən özüm əslən Zəngəzurdanam. Hazırda bura Ermənistanın ərazisidi. Bizim əcdadlarımız öz dədə-baba yurdlarından qovulublar. Azərbaycan çoxmillətli ölkədi. Burda ləzgilər, talışlar, avarlar, kürdlər, slavyanlar və başqa xalqlar yaşayırlar. Qarabağ uğrunda gedən 44 günlük müharibədə bütün xalqların nümayəndələri işğal olunmuş əraziləri azad etməyə çalışıblar. Biz çox dinc ölkəyik və 30 il tolerant olmaq məcburiyyətindəyik. Bu bəyanatı bir daha təkrar edirəm: Azərbaycan həmişə sülhün tərəfindədi. Amma biz günahsız insanların öldürülməsini heç vaxt bağışlamayacaq qədər zəif deyilik və hər yerdə öz haqlarımızı qorumağa çalışırıq.