Qurban Qurbanov “Qarabağ”ın tarixinə düşəcək

qurban-qurbanov-qarabagin-tarixine-dusecek
Oxunma sayı: 640

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov komandasını 119-cu dəfə çempionat oyununa çıxaracaq. Aprelin 22-də “Bakı” ilə keçiriləcək qarşılaşmaya qədər “Qarabağ”ı 118 görüşə çıxaran mütəxəssis 2008-ci ilin yayından bu postda çalışır.

2008/09 mövsümündə 26, 2009/10 və 2010/11 mövsümlərinin hərəsində 32 Premyer Liqa matçında “Qarabağ”ın “sükanı arxasında” olan Qurbanovun hesabında cari mövsümün startına kimi 90 çempionat oyunu var idi. Bu mövsüm 28 qarşılaşmanı arxada qoyan mütəxəssis artıq 119-un astanasındadır.

“Bakı” ilə oyunda Qurbanov “Qarabağ”ın 13 illik rekordunu təkrarlayacaq. Belə ki, Ağdam klubunun tarixində komandanı Azərbaycan çempionatlarında ən çox oyuna çıxaran baş məşqçi adına şərik olacaq. Artıq XXX turda isə mütləq rekordun müəllifi olacaq. Hələlik isə bu rekord Ağasəlim Mircavadova məxsusdur. O, 1993, 1993/94, 1994/95, 1995/96 və 1998/99 mövsümlərində işlədiyi “Qarabağ”ı 119 oyuna çıxarıb. Mircavadovun 1999-cu ildə çatdığı 119 səddinə sonrakı 13 ildə yaxınlaşan baş məşqçi olmamışdı. İndi isə klubun Azərbaycan çempionatlarında sayca 11-ci baş məşqçisi olan Qurbanov bu rekorda şərik olur.

Qeyd edək ki, Qurbanovlu “Qarabağ” Premyer Liqada keçirdiyi 118 oyunda 59 qələbə qazanıb, 34 heç-heçə edib, 25 dəfə məğlub olub, top fərqi 139-88-dir. Bu isə o deməkdir ki, Qurbanov rekorda şərik olacağı matçda yubiley qələbəsini də qazana bilər.


Ceyhun Əhmədov