Qusman bizim toyları tənqid etdi - - "Ağız deyəni qulaq eşitmir"

qusman-bizim-toylari-tenqid-etdi-
Oxunma sayı: 3091


“Qafqazinfo” xəbər verir ki, o Azərtac-ın “Günün qalstuksuz qəhrəmanı”  rubrikasına müsahibəsində deyib ki, Azərbaycanda çox mühüm, bəlkə də ən mühüm ailəvi tədbir olan toyun formatı dəyişib: “Mənim cavanlıq illərimdə toyları indi restoranlarda olduğu kimi xüsusi zallarda təşkil edirdilər, lakin bu, tostlar məclisi olurdu. Tamadanın çox böyük rolu vardı. Məclisdə çıxış etmək üçün sözü tamada verirdi. Tamadaların hamısı hörmətli adamlar idi. Toylarda gözəl tamadalıq edənlər şəhərdə ən hörmətli adamlar idi, hamı onları adbaad tanıyırdı. Toy məclisində rəqs etməyə yalnız plov verilənə yaxın başlayırdılar. O vaxta qədər bəylə gəlinə, onların ailələrinə müraciətlə xoş sözlər səslənirdi. İndi mən hərdənbir bizim toylarda oluram, hətta bir neçə dəfə məxsusi olaraq toylara gəlmişəm. Adətən bir-iki nəfər söz deyir, sonra isə hamının başı yeyib-içməyə qarışır. Açığını deyim ki, mənim təfəkkürüm bu məsələdə də o dövrün səviyyəsində qalıb. Hamı əyləşir, musiqinin səsindən ağız deyəni qulaq eşitmir. Bu, mənim xoşuma gəlmir. Əlbəttə, rəqs etməyi xoşlayanlar üçün bu bir fürsətdir. Amma rəqs etməkdən daha çox söhbət etməyi xoşlayan adamlar toyda söhbət etməyə imkan tapmırlar”. 

Qusman onu da deyib ki, öz iş yerində - Rusiyada Bakıdan ona çatışmayan məsələlər olur: “Çatışmayan şeylər çoxdur. Sadalamaqla qurtarmaz. Yəqin ki, Şüvəlandakı evimdə xoşladığım çarpayıda səhər tezdən dənizdən çıxan günəş adamın gözlərini qamaşdıranda keçirdiyim hisslərdən başlamış – axı bu hisslər əsil səadətdir - Bakı meyvələrinə qədər. Bunların  hamısı üçün qəribsəyirəm. İlk növbədə Bakıda yaşayan dostlarıma ehtiyac duyuram. Doğma şəhərimizdə gəzmək üçün də darıxıram.

Bilirsiniz, mən heç vaxt itbaz olmamışam. Ömrümdə heç vaxt itlərə xüsusi marağım olmayıb. Onlarla, necə deyərlər, uzaqdan-uzağa “qarşılıqlı dostluq münasibətlərimiz” olub. Amma burada mənim evim tikiləndə həmin evin yaxınlığındakı tikintidə o vaxt hələ balaca olan Reks adlı bir it yaşayırdı. İndi o, artıq mənim yaşlı dostumdur, mən isə sinnimin bu çağında birdən-birə itbaz olmuşam, Reks üçün də darıxıram”.