“Rabitə işi”ndə bəraət tələbi

rabite-isinde-beraet-telebi
Oxunma sayı: 644

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev çıxış edərək hələ də mövqelərini dəqiqləşdirmədiklərini deyib: “Dəyən ziyana görə təqsirləndirilən şəxslər tərəfindən ödənişlər hələ də davam edir. Buna görə də çıxışa hazır deyilik, məhkəmədən vaxt verilməsini istəyirik”.

Hakim isə bunun üçün kifayət qədər vaxt verildiyini bildirib və müdafiə tərəfinin vəkillərinə çıxış üçün söz verib.

V.Zeynalovun vəkili Bəylər Məmişov buna etiraz edib və mülki iddiaçının çıxışına uyğun olaraq müdafiə nitqi quracaqlarını deyib: “Bizim çıxışımız nazirliyin nümayəndəsinin dediklərindən asılı olacaq. O danışandan sonra çıxışımızı hazırlayacağıq. Buna görə də hazır deyilik”.

Digər təqsirləndirilənlər – Məhəmməd Məmmədov, Oqtay Rüstəmov, Cəlil Cəfərov və Bayram Vəliyevin vəkilləri çıxış edərək müdafiə etdikləri şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.

Məhkəmə prosesi iyunun 14-də davam etdiriləcək.

Murad Əhməd