Rafael Ağayev lisenziya qazandı

rafael-agayev-lisenziya-qazandi
Oxunma sayı: 4031

Avstriyanın Zaltsburq şəhərində Karate1 Premyer Liqa turnirinə start verilib.

"Qafqazinfo"nun məlumatına görə, mövsümün 3-cü mərhələsində Azərbaycanın 14 idmançısı mübarizə aparır.

Yarışın ilk günü kumite çıxışlarında kişi idmançılardan Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), qadınlardan isə Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) mübarizəyə qoşulub.

67 kq-da yarışan Rafiz Həsənov adını finala yazdırıb. İlk görüşündə uduzan Həsənov daha sonra ardıcıl olaraq Devid Nhuyen (Belarus), Tomas Keserer (Avstriya) və Burak Uyqura (Türkiyə) qalib gələrək həlledici mərhələyə yüksəlib. Onun qızıl medal uğrundakı rəqibi italiyalı Luka Mareska olacaq. Final qarşılaşması martın 1-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın digər karateçiləri - Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hər üçü 84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizəyə sabah qoşulacaqlar.

***

Azərbaycan milli komandasının lideri Rafael Ağayev (-75 kq) Tokio 2020 Olimpiadasına vəsiqəni vaxtından əvvəl təmin edib. 

Zalsburqda Karate1 Premyer Liqa turnirində 2 qələbə qazanmaqla Olimpiya reytinq xallarını 6795-ə çatdıran karateçimiz, bu günün nəticələrinə görə ən yaxın izləyicisi Tomas Skott (ABŞ, 5017.50 xal) və Stanislav Horunanı (Ukrayna, 4957.50) kifayət qədər qabaqlayır.