Baharın ürkək addımlarla ilk qədəmlərini atdığı, ağacların tumurcuqladığı bir vaxtda soldu Çiçək... Arzularını, ümidlərini büküb-bürmələyib gömdü qəlbinə və getdi... Elə qönçəykən soldu.
Bu gənc, gözəl qadının adı Çiçək olsa da, çoxunun gözünə tikan olub batırdı. Ağıllıydı. Savadlıydı. Ən önəmlisi, ailəsinə bağlı, ərinə sadiqiydi...
Məhlədə işıq sönəndə və qadınların baxdığı serial, şou-proqramlar yarımçıq qalanda mövzu tapılırdı: Çiçək! Nə geyindi, yeni saç düzümü necə idi, evinə kimlər gəldi, Gülağanın oğlunun yasında gözündən neçə damçı yaş çıxdı, ətəyi dizindən neçə santimetr yuxarı idi və s. ətrafında qızğın fikir mübadiləsi gedirdi. Çiçəyin bir üstünlüyü vardı ki, o da savadlı olmasıydı. Deyilənlərə qəti əhəmiyyət vermirdi. İşdən gələndə məhlədə altına kətil, tərsinə çevrilmiş vedrə, tikinti daşı qoyub oturan məhlə qadınlarına mehribanlıqla salam verər, evinə gedərdi. Bilirdi ki, bu qadınlar onu sevmir. Ərindən “Gözünə su ver, Ramizin arvadı Çiçək gör özünə necə baxır, ailəsinin qayğısına necə qalır; Ramizin üst-başı tər-təmiz olur; Hardaydı məndə o bəxt ki, qarşıma elə avad çıxaydı ” iradını eşidən qadın üçün Çiçək, əlbəttə arzuolunmaz qonşu idi.
O, nə qədər öz həyatına aludə olsa da, qınaq obyektinə çevrilməsini anlaya bilmirdi. Kimə neyləmişdi, hansı qonşuya pislik eləmişdi ki, adı dillərdə saqqız kimi çeynənirdi. Əlbəttə, heç kimə! Kasıba əl tutar, ehtiyacı olandan köməyini əsirgəməzdi...
Bu yerdə İosif Stalinlə bağlı o gün oxuduğum bir hadisə yadıma düşdü. Deməli, qadınlara qarşı çox həssas olan marşal Rokossovski ziyafətlərdə ilk badələri də xanımların şərəfinə qaldırırmış. Əlaltıları onun aktrisa Valentina Serova ilə sevgi macərası yaşamasını Stalinə xəbər verir:
- Yoldaş Stalin, marşal Rokossovski indi də aktrisa ilə sevgi macərası yaşayır. Nə tədbir görək, nə edək?
Stalin gülə-gülə cavab verir:
- Heç nə etmək lazım deyil. Sadəcə qibtə və paxıllıq edin…
***
Qibtə, paxıllıq gözəl Çiçəyin səbr kasasını daşırır. Ərinə yalvarıb-yaxarır ki, evlərini satıb bu məhlədən köçsünlər. Əri razılaşmır ki, onlara fikir vermək lazım deyil. Və bu yaz günü bağçalarında alça, ərik tumurcuqlayan, nərgizlər, bənövşələr çiçək açan vaxt infarktdan dünyasını dəyişdi. İldırım sürətilə yayıldı xəbər: Çiçək öldü! Elə o sürətlə də həmin qonşu qadınlar onların evinə axışdı.
Çiçəyin gözəlliyinə heyfi gələn kim, gözəl insan, nümunəvi qadın, ana olduğunu deyən kim… Onu yaralayan, acı sözləri ilə zəhərləyən dillər indi bir ağılar deyirdi, bir bayatılar çəkirdi ki, gəl, görəsən…
Məzar daşından gülümsəyən gözəl gözlərdən isə bu sual oxunurdu: Mən öldüm, rahat oldunuzmu?
Son xəbərlər
Son Xəbərlər