Ramil Usubov rəisə tapşırıqlar verdi

ramil-usubov-reise-tapsiriqlar-verdi
Oxunma sayı: 2187


“Qafqazinfo”ya verilən məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əməliyyat müşavirəsini açan nazir Ramil Usubov Heydər Əliyevin müəllifi olduğu siyasi kursun Azərbaycanın prezidenti İlham Əliyev tərəfindən ötən il ərzində uğurla davam və inkişaf etdirilməsi nəticəsində xalqımızın rifah halının, ölkəmizin beynəlxalq imicinin daha da yüksəldiyini, insan hüquq və azadlıqlarının etibarlı qorunduğunu nəzərə çatdırıb.

O, bildirib ki, bütün bunlar möhtərəm dövlət başçımızın məqsədyönlü şəkildə və ardıcıllıqla həyata keçirdiyi, milli maraqlarımıza tam cavab verən və əsl reallığa söykənən daxili və xarici siyasətin əyani təzahürü olmaqla daxili işlər orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərib.

Nazir cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində son illər Çevik Polis Alayının peşəkarlıq və fiziki hazırlıq səviyyəsinin xeyli artdığını, qarşıya qoyulmuş istənilən vəzifəni layiqincə yerinə yetirməyə qadir olan mobil quruma çevrildiyini, paytaxtda ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində böyük rol oynadığını qeyd edib.

Ötən ildə görülmüş işlər və əldə olunmuş nəticələr barədə Çevik Polis Alayının komandiri, polis polkovniki Zaur Abdullayev məruzə ilə çıxış edib. O deyib ki, əsas diqqət vətəndaşların üzləşdikləri problemlərin operativ həllinə, xidmətin əməliyyat şəraitinin təhlili əsasında qurulmasına, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, nizam-intizamının gücləndirilməsinə yönəldib. Həvalə olunmuş vəzifələrin effektli yerinə yetirilməsi üçün paytaxtın küçələrində və digər ictimai yerlərdə cinayət və hadisələrin dinamikası mütəmadi izlənilib, Bakı şəhər Baş Polis İdarəsi ilə birgə vahid dislokasiya planları tərtib olunaraq icra edilib. Paytaxtda keçirilən kütləvi tədbirlər zamanı da asayiş nümunəvi qorunub, DİN rəhbərliyinin tapşırığına əsasən, bu sahəyə cəlb edilən qadın əməkdaşlar da xidməti vəzifələri layiqincə yerinə yetiriblər.  

Qeyd olunub ki, 2014-cü ildə inzibati hüquqpozmalarla bağlı patrul bölükləri tərəfindən 25.816 nəfər saxlanılaraq qanunauyğun tədbirlərin görülməsi üçün ərazi polis orqanlarına təhvil verilib. Onlardan 633-ü müxtəlif cinayət, o cümlədən 170-i xuliqanlıq, 18-i dələduzluq, 143-ü narkotik vasitələri qanunsuz saxlayan və satan, 183-ü oğurluq, 18-i soyğunçuluq törətmiş, 78-i axtarılan şəxslər olub. 2013-cü illə müqayisədə  aşkarlanmış cinayətlərin sayı 17 faiz çox olub. Rəhbərliyin tapşırığına əsasən, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması üzrə keçirilən tədbirlərlə inzibati xətalar törətmiş 2618 nəfər barəsində müvafiq məsuliyyət tədbirlərinin görülməsi təmin edilib.