Ramin Musayev Çingiz Abdullayevə söz atdı

ramin-musayev-cingiz-abdullayeve-soz-atdi
Oxunma sayı: 1595

“Neftçi” klubu 11 il əvvəl, 2005-ci ilin 19 yanvarında Moskvada keçirilən “Birlik Kuboku”nun 1/4 finalında Ermənistan çempionu “Pünik” üzərində qazanılan tarixi qələbəyə (2:0) həsr olunmuş “Ağ-qara yaddaşımız” adlı qısametrajlı film hazırlayıb ki, həmin vaxt klubun prezidenti olan və uğurlarda pay sahibləri Rövnəq Abdullayev və vitse-prezident Ramin Musayev nədənsə “unudulub”. 

“Qafqazinfo” xəbər verir ki, futbolxeber.az saytına müsahibəsində PFL prezidenti bundan danışıb. Musayev bildirib ki, filmə baxmayıb:

“O filmə baxmamışam. Mən həmin hissləri canlı yaşamışam, filmi neynirəm? (gülür) Biləndə ki, filmi kim hazırlayıb, mənə hər şey aydın oldu. Biz bayaqdan səninlə o vaxtkı “Neftçi”dən danışırıq. Həmin “Neftçi” ilə bu “Neftçi” arasında fərq çoxdu. Özünüz sorğu keçirin. Azarkeşlər də mənim bu fikrimlə razılaşar. Tarixi silmək olmaz. “Neftçi” xalqın komandasıdı. O, nə mənim, nə Rövnəq Abdullayevin idi. Biz sadəcə işçilər olmuşuq. Bu gün rahatam ki, vaxtında millətə sevinc bəxş edə bilmişik. “Neftçi”nin nailiyyətləri çox olub. Bizim vaxtımızda da, bizdən sonra da.

Siz deyirsiz ki, bu filmdə biz unudulmuşuq. Amma mən heç “Neftçi”nin tarixi ilə bağlı süjetlərdə klubun Avroliqaya vəsiqə qazanmasını da görmürəm. Həmin uğurları gizlətmək olmaz. O uğura Sadıq Sadıqov və Böyükağa Hacıyev imza atıb. Heç kim dana bilməz ki, “Neftçi” Azərbaycan tarixində Avroliqanın qrup mərhələsinə yüksələn ilk klub olub. Biz vaxtında düz işləmişik, nailiyyətlər də göz qabağındadı. Kim nə istəyir çəksin, kim nə istəyir göstərsin, özü bilər. Lakin unutmasınlar ki, qazanılan uğurları xalqın yaddaşından silmək mümkün deyil. O vaxt biz erməniləri məğlub edib Bakıya qayıdanda aeroportda bizi xeyli azarkeş qarşıladı.

İndiki Koroğlu metrosuna qədər azarkeşlər klubun atributları ilə bəzədilmiş maşınlarla komandanı müşaiyət etdilər, dəstək oldular. Filmi çəkənlər, sifariş edənlər aeroporta heç 10 nəfəri yığa bilməzlər. Əvvəl onu etsinlər, sonra gələrlər danışarıq”.