Ramin Musayev: “Futbolçularımızda ulduz xəstəliyi var”

ramin-musayev-futbolcularimizda-ulduz-xesteliyi-var
Oxunma sayı: 643

“2012-ci ildə mənim PFL-in prezidenti kimi fəaliyyətimin dörd ili tamam olur. Ona görə də “Unibank” ilə əməkdaşlığın davam etdirilməsinə hələ dəqiq cavab verə bilmərəm. Qismət olarsa, yenidən bu vəzifəyə seçilsəm, əməkdaşlığımızı çox böyük məmnuniyyətlə davam etdirərəm. “Unibank” ilə əməkdaşlıq etmək bizə çox xoşdur. Ona görə ki, ilk dəfə Azərbaycan futboluna diqqət ayıran “Unibank” olub və öz dəstəklərini əsirgəməyiblər”.

“Azərbaycan kuboku üçün sponsor axtarışındayıq. Əvvəlki sponsorun rəhbərliyi ilə münasibətlərimiz çox yaxşıdır, aramızda narazılıq yoxdur. Əməkdaşlıq müddətinin uzadılmasına, yəqin ki, büdcə imkan vermədi”.

“Unibank Premyer Liqasının və I Divizionun qaliblərinin mükafatlandırılması mərasimi noyabr 3-də Bakı Biznes Mərkəzində təşkil ediləcək.”

“Bəzən media işçiləri ya klub rəhbərlərindən qorxurlar, ya da baş məşqçilər ilə o qədər yaxın olurlar ki, aralarında olan münasibətə görə məşqçidən, klubdan yaza bilmirlər. Bundan sonra günahı hakimlərdə görürlər. Hakim də insandır, o da səhv edə bilər. Ermənistan milli komandasının qazandığı 17 xal hakimlərlə bağlı deyil. Yığma komandaların nəticələrinə əsasən, Ermənistan çempionatının Azərbaycan Premyer Liqasından güclü olduğunu söyləmək olmaz. Onların heyətinə baxsaq, görərik ki, əksər futbolçuları legioner həyatı yaşayır. Ermənistan millisinin futbolçusuna Türkiyədən, Hollandiyadan təklif gəlir, ancaq, o, Ermənistan yığmasını seçir. Bəs bizim futbolçular niyə millidən üz döndərirlər? Klublarımız uşaq futboluna diqqəti artırmalıdırlar. Hazırda millidə oynayanların böyük əksəriyəti “Neftçi”nin yetirmələridir. Onların da əksəriyyəti Rövnəq Abdullayev “Neftçi”nin prezidenti olanda komandanın uşaq futbol məktəbinə cəlb olunanlardır. Uşaq futboluna diqqət artırılarsa, bunun müsbət nəticələrini görərik. Bizim futbolçularda ulduz xəstəliyi var. Yalnız hakimlərlə futbolumuzun səviyyəsi yüksələcəksə, xaricdən hakim gətirək. Amma, bu, çıxış yolu deyil. Futbolumuzdakı çatışmazlıqları birlikdə aradan qaldırmalıyıq. Biz futbolun inkişafına nail olmaq istəyiriksə, klublarımızda uşaq futboluna daha çox diqqət ayırmalıyıq”.