Bu gün İran İslam Respublikasının paytaxtı Tehranda 25-ci Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət (“Elecomp – 2019”) sərgisi işə başlayıb.
"Qafqazinfo" xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə İrana səfər edən nümayəndə heyəti də sərginin açılış mərasimində iştirak edib.
Ölkəmiz “ELECOMP – 2019”-da yerli texnologiya şirkətlərinin innovativ məhsul və həllərinin nümayiş edildiyi Milli Pavilyonla təmsil olunur.
Rəsmilərə, yerli İKT şirkətlərinə, eləcə də ziyarətçilərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin yüksək texnologiyalar sahəsindəki fəaliyyəti, gələcək planları və ölkədə mövcud olan innovasiya ekosistemi barədə məlumat verilib. Həmçinin, poçt sahəsi üzrə fəaliyyət, “Şəbəkə” layihəsi və bulud xidmətləri haqqında geniş məlumat təqdim olunub.
Səfər çərçivəsində Azərbaycan, İran, Rusiya və Türkiyənin sahəvi nazirlərinin dördtərəfli görüşü keçirilib. Həmçinin, Ramin Quluzadə ilə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi və Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami, o cümlədən Rusiyanın Rəqəmsal İqtisadiyyat, Rabitə və Kütləvi Kommunikasiyalar naziri Konstantin Noskov arasında keçirilmiş ikitərəfli görüşlərdə müvafiq sahədə qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyəti İran Rəqəmsal İqtisadiyyat Forumunda da iştirak edib.



Son xəbərlər
Son Xəbərlər