Ramin Quluzadə uşaqlarla onlayn görüş keçirdi - Video

ramin-quluzade-usaqlarla-onlayn-gorus-kecirdi
Oxunma sayı: 1317

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn görüş təşkil edib.

“Qafqazinfo”nun məlumatına görə, video tədbirə aprel şəhidlərinin və qazilərin övladları, “Birgə və Sağlam” İctimai Birliyində təlim keçən autizm sindromlu uşaqlar qatılıblar.

Onlayn tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Nazir Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın bütün azərbaycanlı uşaqlara, eləcə də şəhidlərimizin yadigarlarına olan münasibətinin hamımız üçün örnək olduğunu və nazirliyin də şəhid övladlarına hər zaman dəstək olmağa hazır olduğunu diqqətə çatdırıb. Bu kimi görüşlərin əhəmiyyətindən danışan Ramin Quluzadə uşaqlara xoş arzularını söyləyib.

Sonra uşaqlar öz ifaları ilə bütün dünyanı onların hüquqlarını müdafiə etməyə çağırıblar. Sonda nazir şəhid övladlarına onların vətən uğrunda fədakarcasına döyüşən, öz canlarından keçən insanların yadigarları olduğunu və hər bir azərbaycanlının onları qorumağa borclu olduğunu vurğulayıb. 

Qeyd edək ki, fiziki məhdudiyyətli və sağlamlıq problemləri olan uşaqlara, aprel şəhidlərinin və qazilərin övladlarına nazirlik tərəfindən müxtəlif hədiyyələr, eləcə də “Azercell Telekom” MMC tərəfindən “Busuu” – dil öyrənmə tətbiqi üçün 6 aylıq pulsuz kodlar göndərilib. “Busuu” tətbiqi vasitəsilə eyni anda 12 dil – ingilis, rus, italyan, alman, fransız, ispan, portuqal və digər dilləri öyrənmək, qrammatika, yazı, dinləmə və danışıq məşqlərini etmək mümkündür.