Ramiz Mehdiyev haqlı buyurur ki...

ramiz-mehdiyev-haqli-buyurur-ki
Oxunma sayı: 2567


Əslində toxunacağım məsələ nəinki bir köşəyə, heç onuna da sığmaz. Çünki zaman-zaman qeydlər eləmişəm və vaxtı çatanda onu ətraflı sərgiləyəcəm. İndi isə “Tribuna”dan istifadə edib, bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Bu qeydlərin təkanvericisi  hörmətli akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi – hökmdarın və döyüşçünün portreti” kitabıdır, daha doğrusu, kitabın birinci hissəsidir.

Uzun müddətdir ki, qızılbaş-türk dövlətinin qurucusu Şah İsmayıl haqqında mətbuatda müxtəlif polemikalar gedir. Bəziləri Şah İsmayılı İran-şiə dövləti yaratmaqda, türkçülüyü və İslam dinini parçalamaqda ittiham edir. Amma bu böyük Sufiyə ən döğru yanaşmanı akademik Ramiz Mehdiyev ortaya qoydu. Düzdü, bu zamana qədər Şah İsmayıla ədəbi-bədii əsərlər də, (F.Kərimzadənin “Çaldıran döyüşü” və “Xudafərin körpüsü”, Ə.Cəfərzadənin “1501-ci il” və s.), elmi araşdırmalar da (Akademik O.Əfəndiyev “Səfəvi dövlətinin tarixi” və digər araşdırmaları, eləcə də bir çox Şərq və Qərb tarixçilərinin tədqiqatları) həsr olunub. Amma “Sah İsmayıl Səfəvi” kitabını onların məcmusu da saymaq olar. Çünki bu kitabda antik dövr müəlliflərindən tutmuş, orta və son əsr tarixçilərinə qədər, demək olar ki, bütün müəlliflərin fikir və düşüncələri yer alıb. “Şah Abbas” roman-xronikasını yazanda onların böyük bir qismi ilə mən də tanış olmuşam. Bu baxımdan da Ramiz müəllimin düşüncə və fikirləri mənə tanışdır. 

İndiyə qədər akademikin mövzu ilə bağlı bir çox məqalələrini də oxumuşam, ona görə də sözü gedən kitabı onların  dolğun təzahürü kimi qiymətləndirmək olar.

Ramiz Mehdiyev haqlı buyurur ki, Şah İsmayılın yaratdığı Qızılbaş-türk dövləti milli çoxluq etbarı ilə türk, dili türk, ideoloğiyası türkçülük, məzhəbi şiə, təriqəti sufi olub.

Akademik öz araşdırma və mülahizələrində Səfəviyyə ordenin yaradılması tarixini, Şeyx Səfi sülaləsinin keçdiyi yolu açıq və aydın təsvir edir və bu istiqamətdə çoxsaylı mənbələrə istinad edir. Heç şübhəsiz ki, Şah İsmayıla qədər şiəlik Azərbaycanda və İran ərazisində geniş yayılmamışdı, amma bayaq dediyim ki, insanların ürəyindəki imam Əli mərhəməti möhkəm yer tutmuş və Şah İsmayıl öz dini və siyasi ideologiyasını həyata keçirmək üçün ciddi mübarizə aparmalı olmuşdu.

Kitabda Şah İsmayılın döyüşləri Azərbaycan türk dövlətini yaratmaq, möhkəmlətmək üçün apardığı qanlı döyüşlər və qələbələr  də ətraflı işıqlandırılıb.

Qəribədir ki, Avropada xaçpərəstliyin ayrı-ayrı məzhəblərini yaradanlar heç zaman dini parçalamaqda ittiham olunmurlar. Hətta İngilis kilsəsinin əsasını qoyan, yəni ona baiskar olan (sonradan protestantlığa çevrilən) Anna, Lüteran kilsəsini və məzhəbini yaradan Lüteran və s. şəxsiyyətlər haqqında indi mərhəmət dolu filmlər çəkilir, kitablar yazılır, bizim üçün Türk-Azərbaycan dövləti yaradan Şiah İsmayıla münasibət isə, bəziləri tərəfindən  fərqli müstəvidə çözülür. Ramiz müəllim bu kitabında həmin adamlara tutarlı, dolğun və elmi-fəlsəfi cavab verib.

Əslində şiəliyin, yəni Əli tərəfdarlarının kökü Kərbəladan üzü bəri gəlirdi. İmam Əlinin övladlarının, nəvələrinin və tərfdarlarının Kərbəla müsibəti Türk-Şiə dövlətinin yaranması ilə nəticələnməliydi. Bir zəruri məqam da ondan ibarət idi ki, məzhəb şiə olsa da, təriqət sufilik idi və Şah İsmayıl, eləcə də ondan sonra gələn hökmdarlar xülafətül xüləfa kimi Ərdəbildə otururdular. Yəni dövlət, paytaxt Təbriz başda olmaqla türk ( sonradan paytaxt bir neçə dəfə dəyişilsə də), məzhəb, dini paytaxt  Məşhəd olmaqla şiə, təriqət, Ərdəbil başda olmaqla sufiydi.

Özü də başqa türkdilli dövlətlərdə (Türkiyəni çıxmaq şərtilə) Şah İsmayıl qədər parlaq hökmdar və sərkərdə olmayıb. Amma onlarda da (məsələn, Qazaxıstan) məzhəbindən asılı olmayaraq öz sərkərdələri barədə müsbətyönümlü kitablar yazılıb, filmlər çəkilib. Heç şübhəsiz Şah İsmayılı gözü götürməyənlər bizi, Azərbaycanı ürəkdən  istəməyənlərdi.

Söz və fikir azadlığı altında pərdələnməklə böyük bir sərkərdəyə biganə, bəzi hallarda isə xoş olmayan münasibət (sərt ifadə işlətmək istəmədim) qarşıya qoyduğumuz məqsədlərə çatmaqda ən ciddi maneələrdən biridir.

Bütün bu deyilənlər akademik Ramiz Mehdiyevin kitabında bu və digər şəkildə öz əksini tapıb və düşünürəm ki, orta məktəbin yuxarı sinif dərsliklərində yer almalı və Ali Məktəblərdə tədris edilməlidir.

Böyük bir siyasət adamının, dövlət idarəçisinin belə bir kitabı ortaya qoyması azərbaycançılıq ideologiyasına ciddi töhfədir...