“Ramiz müəllim, mərdi-mərdanə istefa vermək olmur?”

ramiz-muellim-merdi-merdane-istefa-vermek-olmur
Oxunma sayı: 5452

"Son günlərin  müzakirə olunan məsələsi Azərbaycan Milli Elmlər Akademiyasının hazırkı durumu ilə bağlıdır. Mənə belə gəlir ki, dünyanı lərzəyə salan, düşmənə danışıqsız təslim aktını imzaladan, mübariz xalq, qəhrəman əsgər adını alan 10 milyonluq Azərbaycanın işi-gücü Akademiya rəhbərliyinin fəaliyyətinin müzakirəsi olmamalıdır".

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov “Modern”ə açıqlamasında bildirib.

 “Daxildəki birliyimizə xələl gətirə bilən heç bir hərəkətə yol verməməliyik. Deputat kimi təmsil olunduğum rayonda ana gördüm, iki övladı şəhid olub, amma şəhid övladlarından daha çox işğaldan azad etdiyimiz torpaqlardan danışır. Cavan gəlin gördüm, şəhid olan ərinin tabutun altına girərək, onu son mənzilə qədər yola saldı. Şəhidlərimiz vəzifə istəmədilər, vəzifə üçün vuruşmadılar. Onların əsas vəzifəsi işğal altında inləyən torpaqlarımızı azad etmək idi. Azad etdilər də”, - deyə İsgəndərov bildirib.

Deputat xatırladıb ki, Ramiz Mehdiyev uzun müddət hakimiyyətin ən yüksək dairələrində təmsil olunub:

“Belə məsuliyyətli və şərəfli iş hər adama nəsib olmur. Amma təəssüflər  olsun ki, Ramiz müəllimdən gənclərə nümunə ola biləcək hərəkətin şahidi ola bilmirik. Doğrudanmı, vəzifə bu qədər şirindir ki, mərdi-mərdanə istefa vermək olmur? Ramiz müəllim, biz ziyalıları çoxsaylı seçicilərimiz və tələbələrimiz qarşısında niyə çətin vəziyyətdə qoyursunuz?

Elə etməz olmazmı, istefa mədəniyyətindən söhbət düşəndə biz Sizi nümunə göstərək? Əgər elm məbədimizin problemlərinin həllinə kömək göstərə bilmirsinizsə, ən ağayana hərəkət istefa vermək deyilmi?”