Ramiz Tahirov general Sassevillə görüşdü - Yenilənib

ramiz-tahirov-general-sasseville-gorusdu
Oxunma sayı: 3333

Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Pentaqonda ABŞ Milli Qvardiya Bürosunun rəhbərinin müavini general-leytenant Sassevillə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini və ümumi ikitərəfli müdafiə əməkdaşlığımızı müzakirə ediblər.

***

Müdafiə Nazirliyi (MN) də Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun ABŞ Milli Qvardiya Bürosunun rəis müavini general-leytenant Mark Sassevil ilə görüşü barədə məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin də iştirak etdiyi görüşdə “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti, gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi, hərbi pilotların hazırlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.