RATİ-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda tanınmış jurnalist İlqar Nəsibova qarşı baş vermiş ölümcül hücumdan dolayı şok və sarsıntı hissi keçirdiyini bildirir. Xüsusi zorakılıqla törədilmiş bu hücumun baş verməsi ilə insan hüquqları sahəsindəki narahatedici vəziyyət geriyə dönüşü olmayan bir nöqtəyə çatıb.
Azərbaycanın Naxçıvan şəhərində fəaliyyət göstərən,yerli hökumət rəsmilərini tənqid edən və digər həssas mövzularda yazan jurnalist avqustun 21-də naməlum şəxslər tərəfindən ağır şəkildə döyülüb. Polis hadisəyə ləng reaksiya verib və tibbi müayinə göstərişi gec verilib.
Həyat yoldaşı, tanınmış hüquq müdafiəçisi Məlahət Nəsibovanın bildirdiyinə görə, İlqar Nəsibov avqustun 21-də saat 22 radələrində, Naxçıvanda yerləşən ofisində huşunu itirmiş və baş, üz, qol və ayaq nahiyələrindən ağır xəsarətlər almış vəziyyətdə tapılıb.
Bu hücum ifadə azadlığına dəyər verən hər bir şəxs, xüsusilə də Azərbaycanda ölkənin sədrlik dövrünə təsadüf edən amansız insan hüquqları repressiyasına göz yummağa davam edən Avropa Şurası üçün “oyadıcı bir zəngdir”. Şura özünün hazırkı sədrini insan hüquqlarına qarşı silsilə qəddar cinayətlərə, o cümlədən tanınmış hüquq müdaifəçilərinin son həbslərinə və aparıcı qeyri-hökumət təşkilatlarının zorla bağlanışına görə açıq şəkildə qınamayıb.
Avropa Şurasına üzvlük özündə fundamental ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarına təminat verilməsi öhdəliyini ehtiva edir. Bu məcburi öhdəliyi təkcə Azərbaycan hökuməti yerinə yetirməyib, eyni şəkildə Avropa Şurası (AŞ) Baş Katibi və AŞ Parlament Assambleyası da Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarının yerinə yetirilməsinə dəstək verməyib.
“İnsan hüquqlarına qarşı hücum baş verdikdə bunu pisləyən mətbuat bəyanatı vermək Avropa Şurasında həmişəki və gözlənilən bir prosedurdur. Təəssüf ki, repressiya başlanandan bəri biz, kəskin bir bəyanat görməmişik. Azərbaycanın geosiyasi məqsədlərinə töhfə verdiyi müddətdə öz dəyərlərinə əhəmiyyət verməyən Avropa Şurası tərəfindən xəyanətə uğradıqlarını hiss edən ölkədəki müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və fəallar ümidsizlik içindədirlər,” deyə RATİ bildirib.
Son xəbərlər
Son Xəbərlər