Rayon xəstəxanalarından - Reportaj

rayon-xestexanalarindan-
Oxunma sayı: 6486

Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılan şəraitlə, görülən işlərlə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədi ilə Oğuz, Şəki və Balakən rayonlarına press-tur təşkil edib.

Qafqazinfo”nun press-turda iştirak edən əməkdaşının verdiyi xəbərə görə, KİV nümayəndələri adıçəkilən rayonların xəstəxanalarında yaradılan şəraitlə tanış olublar, həkimlərlə söhbətləşiblər.

İlk olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına baş çəkilib. Xəstəxananın baş həkiminin müavini İradə Məmmədova deyib ki, xəstəxana “Regionların sosial-iqtisadi inkişafı” layihəsi çərçivəsində 2009-cu ildə istifadəyə verilib: “Xəstəxana hər cür müasir avadanlıqla təchiz edilib. Burada 42 min nəfər əhaliyə xidmət etmək üçün hər cür tibbi aparatlar var. Rengen, flüoqraf, USM, exo-kardoqrafiya və müasir avandıqlarla təchiz edilən laboratoriya var. Xəstəxanamızda şəkərli, ruhi və digər xüsusi imtiyazlı xəstələr üçün dərman təminati yüksək səviyyədə təşkil edilib. Hər il əhalinin kütləvi dispanserizasiyası keçirilir. Kəndlərdə də əhaliyə lazımi xidmət göstərilir. Bundan başqa, son vaxt nikaha girəcək şəxslərin müayinəsi aparılır. Bu günə kimi rayonumuzun əhalisi arasında heç bir xəstəlik aşkar olunmayıb. Gün ərzində 100-150 nəfər xəstəxanaya müraciət edir, bunların da əksəriyyəti endokrinoloji xəstələrdir. Ana və uşaq ölümü ilə bağlı onu deyə bilərəm ki, son illərdə bizim rayonumuzda ana ölümü qeydə alınmayıb, uşaq ölümü isə çox nadir hallarda baş verib. Ümumiyyətlə rayonda 72 həkim var, onlardan 35-i bizim xəstəxanada işləyir. Xəstəxanada dar ixtisaslar üzrə 23 vakant yer var”.

Oğuz xəstəxanasının doppler həkimi müasir avandlıqlarla təchiz edildiklərini deyib: “Burada ginokoloji, endokrinoloji, süd vəziləri, zob və digər daxili orqanları yoxlayırıq. Tibbi avadanlıqlarımızın hamısı yenidir və çox yaxşı işləyir. Bir neçə il əvvəllə müqayisədə indi daha rahat işləyirik. Həm bizim üçün, həm də xəstələrimiz üçün əlverişlidir. Bu xəstəxana tikilib istifadəyə verilmədən öncə biz bu müayinələrin cavabını almaq üçün sakinlərimizi başqa rayonlara göndərirdik. Artıq müayinə və müalicə üçün bütün prosedurları özümüz edirik”.

Xəstəxanaın laborant həkimi Nahid Əzizov isə klinik laboratoriyada ümumi analiz üçün lazım olan qan xəstəliklərini müasir aparat olan demo-analizatorla yoxlaya bilirlər: “Digər avadanlıqlarla qalxanabənzər vəzinin, infesiyaların müayinəsi aparılır. Hamilə qadınlara lazım olan müayinələr də bu laboratoriyada həyata keçirilir. Bizim xəstəxanaya qonşu rayonlardan da müraciət edənlər olur. Gün ərzində 50-yə yaxın şəxs laboratoriyada müayinədən keçir”.

***

Növbəti tanış olduğumuz Balakən Rayon Mərkəzi Xəstənasının baş həkimi Hacı Ömər Nuriyev jurnalistlərə bildirib ki, prezident İlham Əliyev tərəfindən 2007-ci ildə xəstəxananın təməli qoyulub və 2011-ci ildə istifadəyə verilib: “Ucqar rayon olan Balakən üçün bu, əlamətdar bir hadisə idi. Vaxtilə bizim xəstəxana köhnə binada yerləşirdi, vəziyyət o qədər də yaxşı deyildi. Lakin bu bina tikiləndən sonra bütün şöbələr Mərkəzi Xəstəxanada yerləşdirildi. Burada 15 şöbə var, hamısında kadrların əksəriyyəti təmin olunub. Həkimlərimizin bəziləri Türkiyədə, Moskvada və ayrı-ayrı şəhərlərdə ixtisasartırma kurslarında olublar, sərbəst cərrahiyyə əməliyyatı aparırlar.

Xəstəxanamızın doğum şöbəsi də var. Əhalinin kütləvi müayinəsi zamanı 63 mindən çox insan yoxlanılıb. Xəstəlik aşkar olunan şəxslər müalicə olunub. Hazırda xəstəxanada 7 dar ixtisaslar üzrə vakansiya var. Hazırda 148 həkim, 504 nəfər tibb işçisi var. Bizə ağciyər və oynaq xəstəlikləri ilə bağlı müraciətlər daha çox olur.

Vaxtilə Balakəndə zob xəstəliyi çox yayılmışdı, prezidentin fərmanı ilə yodlanmış duzların istifadə olunması sayəsində bu xəstəlik demək olar ki, tamamilə aradan qalxıb. Nikaha daxil olan şəxsləri müayinə edirik, təxminən 2 faiz şəxslərdə xəstəlik aşkarlanıb. Həmin şəxslərlə anonim şəkildə söhbət aparılır, Talassemiya və ya Dər Zöhrəvi Xəstəxanasına yönləndirilirlər.

Həkimin məsləhətinə əməl edirlər, bəzən isə imtina edənlər də olur. Ana və uşaq ölümü isə mənəm-mənəm deyən Avropa ölkələrində də olur. Bizdə isə son vaxtlar bu azalıb. Son 10 ildə Balakəndə ana ölümü olmayıb. Uşaq ölümü isə ildə 2-3 nəfər olur. Bu halların qarşısını almaq üçün hamilə qadınlar vaxtında qeydiyyata düşməli və müayinə olunaraq nəzarətdə saxlanılmalıdırlar. Vaxtilə rayon sakinləri müayinə və müalicə üçün Bakıya, Tiflisə gedirdilər. Bu xəstəxana istifadəyə verildikdən sonra bütün xəstəliklər üzrə müayinə apara bilirik. Rayonumuzun 54 kəndi var, hər biri mama-ginekoloqla təmin edilib”.

***

Press-turun bu dəfəki son dayanacağı Şəki Rayon Mərkəzi Xəstəxanası oldu. Baş həkim Məcid Əliyev xəstəxana haqda məlumat verərək bizi avandlıqlarla və şöbələrlə tanış etdi: “Şəki Rayon Mərkəzi Xəstəxanası möhtərəm prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ilin noyabr ayında istifadəyə verilib. Bu xəstəxanada Hemodializ, Poliklinika, Cərrahiyyə və Reanimasiya Şöbələri var. Əvvəl Şəkidən olan xəstələr Zaqatalada müalicə olunurdu. 2011-ci ildə sonra öz rayonumuzun xəstələri ilə yanaşı qonşu rayonlardan da bizə müraciət edənlər olur. Göz xəstəlikləri, endokrinoloji və onkoloji şöbələr rayonlararası əhaliyə xidmət edir. Xəstəxana tam avadanlıqla təmin edilib. Komputer-tomoqrafiya, rentgen, ultra-səs müayinə və digər avandlıqları var. Orta tibb işçilərimizin hər biri Türkiyədə ixtisasartırma kursundan keçiblər. Hemodializ şöbəsinin həkiminə prezident tərəfindən “Əməkdar həkim” ordeni verilib.

Xəstəxanada 450-yə yaxın həkim ştatı var, elə bir ixtisas yoxdur ki, o sahənin həkimi olmasın. Amma vakant yerlər də var. Bizim xəstəxana həmçinin Şəkidə yerləşən hərbi hissələrə də xidmət edir. Xəstəxanamızda onkoli xəstələrə peşəkar həkimlər tərəfindən yüksək səviyyədə kimya terapiya, cərrahi-müalicə müdaxilələri olur. Bizim xəstəxanada ana və uşaq şöbəsi yoxdur. Şəkidə Perinatal Mərkəz var ki, 11 rayona xidmət edir. Mərkəzi Xəstəxanada avadanlıqlar baxımından heç bir çatışmazlıq yoxdur, bütün aparatlar işlək vəziyyətdədir”.

Xəstəxananın Hemodializ şöbəsinin müdiri Nəzakər Qərdirova müasir aparatlar və 48 yataqla təmin edildiklərini deyib: “Şöbəmiz eyni vaxtda 48 xəstəya xidmət edə bilir. Hazırda 40 nəfər xəstəmiz var. Həftədə 3 dəfə olmaqla 12 saatlıq seanslar edirik. Avadanlıqlar və dərman təchizatı ilə bağlı heç bir çatışmazlıq yoxdur. Dializ üçün müraciət edənlərin çox qadınlardır. Əksər insanların xəstəliyi böyrəklə bağlıdır”.

Xatırladaq ki, son 10 ildə Azərbaycanda 600 səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilərək istifadəyə verilib.

Murad Əhməd