“Rayona getməyə pulum yox idi, şeytan yoldan çıxartdı...”

rayona-getmeye-pulum-yox-idi-seytan-yoldan-cixartdi
Oxunma sayı: 699

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müəlliminə qarşı quldurluqda təqsirləndirilən Əziz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə ilkin baxış iclası baş tutub.

Prokuror ittiham aktını elan edib. Belə ki, Ə.Səmədov 2016-cı il sentyabrın 26-da Yasamal rayonunda yerləşən 173 saylı orta məktəbin qarşısında həmin məktəbin müəllimi, 1952-ci il təvəllüdlü Nazilə Quliyevanın əlindəki çantanı götürüb qaçmaq istəyib. Amma N.Quliyeva müqavimət göstərib. Buna görə də Ə.Səmədov onu vuraraq yerə yıxıb, bundan sonra çantanı götürüb qaça bilib. Çantada Nazilə Quliyevaya məxsus telefon, pul və plastik bank kartı olub. Hadisə nəticəsində  sonra N.Quliyevanın hər iki çanaq sümüyü sınıb. 

Ə.Səmədov isə Yevlax rayonunda yaşayan bacısının evində tapılaraq həbs edilib.

Təqsirləndirilən Əziz Səmədov isə əməlinin düzgün qiymətləndirilmədiyindən şikayətçi olub: "Mən quldurluq yox, soyğunçuluq etmişəm. Qadını yerə yıxmamışam, sürüməmişəm. Sadəcə çantanı alıb qaçdım, o isə özünü yerə atdı".

Ə.Səmədov rayona qayıtmağa pulu olmadığı üçün bu yola əl atdığını deyib: "Bakıya qohumun yasına gəlmişdim. Evə getməyə pulum yox idi, nə qədər axtardım pul tapa bilmədim. Dayanacaqda dayanmışdım, qadını və çiynindəki çantanı gördüm. Şeytan məni yoldan çıxartdı. Şeytana lənət olsun. Peşmanam".

Zərərçəkən N.Quliyevanın oğlu Anar Quliyev şahid qismində ifadə verərək deyib ki, hadisədən sonra anası yeriyə bilmir.

Ə.Səmədov isə bu əməlinə görə xəcalət çəkdiyini deyib: "Sizdən üzr istəyirəm. Üç övladım var, məni bağışlayın".

Məhkəmə prosesi iyunun 12-də davam etdiriləcək. 

Murad Əhməd