Uzun fasilədən sonra Mingəçevir Şəhər Məhkəməsi ötən ilin mayın 4-də yol qəzasında dünyasını dəyişən Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimə Aynurə Qafarlının ailəsinin iddiasına baxıb. Qeyd edək ki, yol qəzası nəticəsində mərhumun həyat yoldaşı Yunis Vəliyev və qayınanası Durna Vəliyeva xəsarət alsa da, yerli polis şöbəsi onları günahkar hesab etmişdi. Və Yunus Vəliyevin şəhərdən çıxmasına qadağa qoymuşdu. Ancaq hadisə şəhərdaxili 8 saylı (Shaolin SLG 6660 CGE markalı 90 RF 488 dövlət qeydiyyat nişanlı) avtobusun sürücüsü Ramil Xudiyevin səhvi nəticəsində baş versə də, onun ACCESSBANK-ın hüquqşünası(?!) olması səbəbindən müstəntiq Mahir Orucov istintaqı öz maraqları çərçivəsində yönəltmişdi. Məsələn, istintaq Ramil Xudiyevin avtobus sürmək icazəsi olmadığı halda, ümumiyyətlə, sərnişin nəqliyyatını idarə etmək hüququnun səbəblərini araşdırmayıb. Yaxud istintaq “Ramil Xudiyev niyə həmin gün əmisi oğlunun yerinə 8 saylı marşrutun reysinə çıxıb” sualını açıq saxlamışdı. Nəticədə istintaq absurd qərar çıxarmışdı, həm həyat yoldaşını itirən, həm də özünün və anasının xəsarət almasına baxmayaraq Yunus Vəliyevə qarşı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılır və onun şəhərdən çıxamasına qadağa qoymuşdu.
Bütün bunlar aprelin 15-də şəhər məhkəməsində bir daha aşkarlandı. Müstəntiqin prosesdə ekspertizanın düzgün aparıldığını söyləməsinə mərhumun həyat yoldaşı Yunus Vəliyevin “hansı ekspertizadan söhbət gedə bilər ki, mən dəvət olunmamışam” deyə etiraz edib. Müstəntiq Mahir Orucov onun arxasınca polis göndərildiyini deməsi də, etirazla qarşılanıb. Yunus Vəliyev bildirib ki, o, narkodispanserə gedibsə, niyə ekspertizaya getməsin: “Məni ekspertizaya dəvət etməyiblər, vəssalam!”
Müstəntiq Mahir Orucovun növbəti yalanları hakim Rasim Kazımovun suallarına cavab verərkən üzə çıxıb. M.Orucov istintaq zamanı şahidlərdən biri, “KaMaz” maşınının Tural adlı sürücüsünün ifadəsini xatırladanda, hakim ona deyib ki, həmin şəxs əvvəlki proseslərdə istintaqa ifadəsini təkzib edib. Hakim şahidin ifadəni oxumadığını və yalnız imza atdığını xatırladıb. Əlavə edib ki, “KaMaz”ın sürücüsü hadisəni belə görməyib. Bu zaman müstəntiq Mahir Orucov başqa şahidlərin olduğunu söyləyəndə, hakim bildirib ki, həmin şahidlər istintaqa verdikləri ifadələri təkzib ediblər və avtobus sürücüsü Ramil Xudiyevi günahlandırıblar. Bu məqamda müstəntiq “yalan deyirsən” söyləyəndə, hakimin “məni yalançı sayırsan” cavabı prosesdə arzuolunmaz durum yaradıb. Dövlət ittihamçısı da bu vəziyyətdə hakimi müdafiə edib. Bundan sonra Mahir Orucov fikrinin səhv anlaşıldığını, onun əslində şahidləri yalançı adlandırdığını demək istədiyini bildirib.
Amma hakim Rasim Kazımov əvvəlki proseslərdə şahidlərin ifadələrini bir daha xatırladaraq əslində istintaqın hərtərəfli və obyektiv aparılmadığını diqqətə çatdırıb. Hakim hadisə baş verən ərazidə bir daha ekspertiza aparılacağını deyərək prosesin təxirə salındığını bildirib.
Azadliq.info