Razi Nurullayev su problemi ilə bağlı çağırış etdi

razi-nurullayev-su-problemi-ile-bagli-cagiris-etdi
Oxunma sayı: 2019

"Həm suvarma, həm də içməli su ilə bağlı cavabdeh olan qurumların açıqlamaları qəti şəkildə qəbuledilməzdir".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Razi Nurullayev sosial şəbəkədə paylaşıb.

O bildirib ki, bu çıxışı parlament tribunasında etmək istəsə də, vaxt çatmayıb:

"1991-ci ildə tələbə oldum və suyu 200 metrlik bir məsafədən daşıyırdıq. O gündən bu günə yadıma gəlmir ki, harada yaşayıramsa yaşayım, suvarma və içməli su problemim olmasın. Bütün sorğu etdiyim insanlarda, söhbətim olan burada oturan həmkarlarımda da analoji problemlər yaşanıb. Bakı və Azərbaycanın rayon kəndlərində vətəndaşlar bağ salıb, həyətyanı sahələrində, bağ evlərində həvəslə ağaclar əkib, yaşıllıqlar salıb və onlar quruyub. Hər il də əkirlər ki, bəlkə düzələr, amma hər il eyni vəziyyət təkrarlanır. Onun üçün də bir çox hörmətli həmkarlarım da artıq dözüm nümayiş etdirə bilmir. Parlament rəhbərliyindən həm suvarma, həm də içməli suya cavabdeh qurumların rəhbərlərini parlamentə dəvət etməsini istərdim. Onlar gördükləri işlər barədə məlumat versinlər və gələcəkdə görüləcək planlar barədə danışsınlar. Bizim onlara hörmətimiz-izzətimiz var, onlara qarşı fikirlərimiz şəxsi motivlərə əsaslanmır. İstəyirik ki, vətəndaşlarımız dövlətindən, dövlətçiliyindən razı qalsın. Xahiş edirəm ki, hörmətli sədr bu məsələnin mümkünlüyünü nəzərdən keçirəsiniz".