REAL-la AXCP-nin - Virtual savaşı

real-la-axcp-nin
Oxunma sayı: 1414

REAL hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli ölkəyə idxal olunan malların gömrükdə hansı qiymətlə rəsmiləşdirildiyinə dair AXCP sədri Əli Kərimlinin verdiyi açıqlamanı tənqid edib. Həmin yazı da sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məlumat üçün deyək ki, Əli Kərimli mütəxəssis Vahid Məhərrəmovun araşdırmasına istinad edib.

Natiq Cəfərli isə bildirib:

“Bir çox dostlarım, siyasi partiya liderləri və nümayəndələri ölkəyə gətirilən malların gömrükdə rəsmiləşdirilmiş və daxili bazardakı real qiymətlərini paylaşaraq, həmin malların dəfələrlə baha satıldığını yazıblar, hətta foto da paylaşıblar, hədəf kimi də iş adamlarını göstəriblər. Əzizlərim, insanları çaşdırmayın, dünyanın heç yerində, məsələn, kilosu 75 qəpiyə (47 sentə) qoz ləpəsi yoxdur ki, o qiymətə alıb, ölkəyə gətirəsən. Belə bir yer varsa, bilən xəbər eləsin, gedək tonlarla alaq, başqa ölkələrdə sataq. Ya da, dünyanın harasında kilosu 35 qəpiyə (22 sentə) badam ləpəsi var? Gömrükdə belə qiymətlərlə rəsmiləşdirmənin tək səbəbi var idi: Korrupsiya! Yəni, gətirilən mallar ucuz qiymətə rəsmiləşdirilirdi ki, büdcəyə daha az rüsum ödənilsin, büdcəyə getməli olan vəsait ciblərə getsin – vəssalam! Belə sadə məsələləri siyasi partiya nümayəndələri bilmirsə, bu ölkə üçün yaxşı heç nə vəd etmir”.

REAL rəsmisinin bu fikri AXCP üzvləri tərəfindən ciddi tənqidlərlə qarşılanıb. Müzakirələrdə Natiq Cəfərlinin şəxsiyyətinə yönəlik ifadələr də yer alıb.

"Qafqazinfo" xəbər verir ki, Natiq Cəfərli mövzu ilə bağlı Modern.az saytına danışıb və onu qınayanlara cavab verib. O deyib ki, müxalifət demokratik prinsipləri ilə hamıya örnək olmalıdır.

“AXCP-də, Müsavat da, REAL da öz demokratik diskussiya, azad fikir yürütmək üçün digərlərinə örnək olmalıdır. Biz hökuməti də buna öyrətməliyik. Biz nümayiş etdirməliyik ki, siyasi partiyalar arasında fərqli baxış bucaqları ilə diskussiyalar gedir. Əgər biz bunu edə bilmiriksə, hökumətdən nə istəyək? Onsuz da iqtidarın bu günə qədər etdikləri göz qabağındadır. Hakimiyyətin gücü var və bundan istifadə edir. Bizim də gücümüz sözümüzdədir və bu sözlərlə müzakirə aparmalıyıq, ortalığa arqumentlər qoymalıyıq”.

Natiq Cəfərli qeyd edib ki, onun yazdıqlarında mədəni formada bir arqument ortalığa qoyulub və əsaslandırılıb. “Mən demişəm ki, siyahıda adı keçən mallar dünyanın heç bir yerində o qiymətə satılmır. Bu, çox normal bir irad və izah idi. Amma mənim şəxsimə yönəlik ifadələr isə onu göstərir ki, heç bir arqument tapmayanda hökumət həbs edir, bəzi müxalifət nümayəndələri təhqirə keçir. Açığı görünən odur ki, sistemdə bir medalın iki üzü var. REAL həmişə sistemdən kənar müxalifət olub və bu gün belədir. Hökumətin əlində olan resurs həbsdirsə, müxalifətin də əlində olan təhqirdir. Bu, çox acınacaqlı bir məqamdır. Bir var ki, mənim səsləndirdiyim fikrə əks arqument qoyulsun, bir də var ki, şəxsiyyəti təhqirə keçəsən”.

O, təəssüflə vurğulayıb ki, normal müzakirə mədəniyyətinin şahidi olmur. “Əslində bu da normal bir şeydir. Bir tərəfin biliyi, bacarığı, savadı heç nəyə çatmayanda, həmişə təhqirə keçirlər. Bu, dünyanın hər yerində belədir. Azərbaycanda da belə bir praktika ilə üzləşdik”.

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə bu barədə geniş açıqlama verməyəcəyini bildirib. Partiya funksioneri bildirib ki, Natiq Cəfərli sözünü deyib və cavabını alıb. “Bununla da söhbət qurtarıb. Başqa bir şey demək istəmirəm”.