“Red Bull”a daraşan məktəblim

red-bulla-darasan-mekteblim
Oxunma sayı: 2685


Hər məktəb yolundan keçəndə qarşıma xoş olmayan səhnələr çıxır. Məktəbdən evə 10 dəqiqəlik məsafəni bir saata gələn yeniyetmələr, tində, bucaqda yığışıb kiminsə orasını-burasını müzakirə edənlər, tapdıqları bir siqaret “cubuğunu” növbə ilə canına çəkənlər, qız-oğlan cütlükləri yaradıb “sevgili” oyununu nümayiş edənlər, dəftərini şalvarının arxa cibinə basıb mobil telefonunu qoynunda gəzdirənlər, yeni telefon oyunlarını müzakirəyə çevirənlər, ağızlarından çıxan söyüşün nə olduğunu belə bilməyənlər, tez-tez yerə tüpürməklə fəxr edənlər...

Nələr, nələr demək olar. Bunları görürük, yaxşı da bilirik, bəs niyə susuruq? Ağsayan təhsilimiz kimi məktəblimizin də vəziyyəti heç xoş deyil. Bizim məktəbli konkret şəkildə tərbiyə görmür, tərbiyəsizliklə fəxr etməyə öyrədilib, nəsihət, məsləhət verəni yoxdur. Valideynlərin çoxu hələ də qışın yuxu kefini çıxarır, ya da pul qazanmaq dərdinə düşüb, baş qarışıqdır, şagirdin evdən çıxanda məktəbə getməsi və ya getməməsi barədə sual-cavab edən yoxdur. Valideynin narahatçılığına tamarzı qalan şagirdin özünü öldürməsi, ya pis yola düşməsi isə gözləniləndir. Bugünün məktəblisi bizim zamanımızdakı kimi narahat deyil, məktəbə tələsmir, gecikməkdən, danlanmaqdan qorxmur, utanmaq, xəcalət çəkməyin nə olduğunu belə ona öyrətməyiblər. Amma əvəzində məktəblim təbii enerjisini dərsinə, məktəbinə xərcləmədən enerji axtarışına çıxıb, enerji verən içki düşkününə cevrilib. Bu bizi qorxutmalıdır, valideynlər, ayılın.

Məktəb yolunda deyinən uşaq gördüm. “Gic qızı, gicdi, deyirəm ver də nə olacaq, vermir, eh axırda xırdamı götürmədim, verdi”. Bu beşinci sinifdə oxuyan və artıq enerji içkilərini sevən və alan bir məktəblinin sözləridir. O, satıcının ona satmadığı içkini “rüşvət”lə aldığına görə çox sevinirdi, qürurlanırdı. Kişinin balası, məqsədinə çatmışdı. Hələ oxumaq, təhsil almaq uğrunda məqsədini hədəfləməyən bu məktəblinin ola biləcəklərdən xəbəri yox idi. Valideynləri də yəqin xəbərsiz idi. Nə bilim, bəlkə də onun atası elə övladına araq içirtməklə fəxr edən “kişilər”dən biridi. Məni ən çox narahat edən odur ki, indiki zamanda valideyn övladına verdiyi pulun aqubəti ilə maraqlanmır.

Maraqlanmır ki, nəticədə uşaq rahatca “Red bull” bankasını başına çəkir.

Xüsusən, oğlan uşaqlarının xərcliyinin hara getməsi ailənin əsas narahatçılığından biri olmalıdır. Amma bu da bir faktdır ki, məktəb tualetləri(oğlanlar üçün olan)siqaret kötüyündən, məktəb yolu isə “Red bull” və başqa içkilərin tullantısından zibilliyə dönüb. ““Red bull” və başqa zərərli içkiləri ölkəyə gətirən və satdıranların evi yıxılsın”, qarğışna siz də qoşulursunuzmu?

İstəyirəm, qida terrorunun qurbanları olduğumuz bir vaxtda sözügedən içki barədə bildiklərimi sizinlə bölüşüm. Bu və ya bunabənzər içkilərlə bağlı danışmaqla hansısa məhsulu antireklam etmək kimi fikrim yoxdur. Ağır gələn odur ki, görəsən, öz millətinə zəhrimar, zir-zibil satanların öz aqubəti necə olacaq?

“Red bull”un satışı Fransa, Danimarka kimi ölkələrdə qadağan olunsa da, 100-dən çox ölkədə yaxşı alveri gedir. Camaat qırmızı öküzə(kələ) dönmək üçün niyə can atır? Bu enerji verən içkiləri daha çox idmançlar, iş rejimi ağır olanlar istifadə edir, deyirlər. Amma artıq qadınlı- kişili, uşaqlı- böyüklü hamı ona darışıb.

Avstriyalı Ditrix adlı bir “zırrama” sənayeçinin Tailanddakı fabriklərin birindən oğurladığı bu “resept” tez bir zamanda dünyaya yayıldı. İndi dünya “qaz vurub, qazanlarını doldurur”. Bu içkinin içində əsasən kofein, taurin kimi maddələrlə yanaşı, qlyukuronalakton kimi kimyəvi maddə var. İçki keçən əsrin 60-cı illərində ABŞ-ın Vyetnamdakı əsgərlərini streesdən, yorğunluqdan “qurtarmışdı”. Biz də güya müharibə adamları sayılıq, bəlkə bu içki bizə də lazımdır ? Uşaqlarımzın da artıq sevdiyi içki “ölüm kokteyli”adını alıb. Orqanizmdən asılı olaraq, insult, infakt kimi ağır nəticələrə də gətirib çıxara bilər. Qan-damar sistemini qısa müddətdə sıradan çıxarmaq gücü var. Onsuzda böyüklərimiz bir-birini düşməndən də çox incitməyə köklənib. Bəs uşaqlarımızın haqsız aqressiv olması, ana-ata sözünü dinləməməsi, psixoloji problemlərlə üzləşməsinin səbəbi bu lənətli içki ola bilməzmi? Heç maraqlanmısınız ki, övladınız siz olmayanda nə içir, nə yeyir? Mümkünsə, bu gündən sonra çalışın bunu öyrənin. Onsuzda bizim sağlam və ya xəstə olmağımız kiminsə vecinə deyil. Barı, özümüz özümüzü qurtaraq, çarəmiz nədir?