“Referans Medical Group” 90 faiz məhbusa 500-dən çox tibbi xidmət göstərib

referans-medical-group-90-faiz-mehbusa-500-den-cox-tibbi-xidmet-gosterib
Oxunma sayı: 3446

25 aprel 2023-cü il tarixində Referans Medical Group  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə birlikdə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin dəstəyi və təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Hər kəsə qayğı ilə” şüarı altında ödənişsiz tibbi müayinələr təşkil olundu.

Referans Medical Group-un direktoru Elgiz Dadaşov aksiya barədə məlumat verib. O bildirib ki, Heydər Əliyev ili çərçivəsində Referans Medical Group tərəfindən əhali üçün mütəmadi olaraq müxtəlif layihələr və aksiyalar, həkimlər üçün isə konfranslar və seminarlar təşkil olunur. Növbəti sosial aksiya Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsində və yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə müəssisəsində cəza çəkən qadınlar, onların uşaqları və yetkinlik yaşına çatmayanları əhatə edirdi. Burada cəzaçəkən şəxslərin istəklərinə uyğun olaraq öncədən həkim profilləri təyin olunub və ona uyğun müayinələr aparılırdı.

Daha sonra, Referans Medical Group-un İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Aytac Kərimli bildirib ki, aksiyada Referans Medical Group-un 20-dən çox müxtəlif ixtisas həkimləri iştirak edib: “Aksiyada Nevroloq, ginekoloq, pediatr, pulmonoloq, terapevt, kardioloq, dermatoloq, qastoentroloq, endokrinoloq  və LOR ixtisasları üzrə həkimlər iştirak etdilər. Həmçinin həkim müayinələri ilə yanaşı, Ultrasəs müayinələri,  Exokardioqrafiya (EXO-KQ) və Elektrokardioqrafiya (EKQ), laborator müayinələr, eşitmə müayinələri aparıldı. Aksiyada ümumilikdə həkim müayinələri və diaqnostik xidmətlər daxil olmaqla 500-dən çox xidmət göstərilib, müayinələrə uyğun təyinatlar verilib”.

Məhkum pasiyentlərin müayinəsini aparan həkim-nevroloq, refleksoterapevt Məftun Adilli deyir ki, qəbul etdiyi pasiyentlərdə sinir xəstəlikləri və onların nəticəsində ortaya çıxan digər problemlərə rast gəlinib: “Yoxlanış zamanı pasiyentlərdə başqa problemlər də aşkarlanarsa onu digər həkimlərə yönləndiririk. Yazdığımız müalicədən əlavə olaraq onlarla maarifləndirici söhbət də aparırıq. Digər xəstəliklərdən fərqli olaraq nevroloji problemlər elədir ki, gərək onlar başqa məşğuliyyətlərdən faydalansınlar. Məsələn, burada şirniyyat sexində çalışa bilərlər, dərzi kimi fəaliyyət göstərə bilərlər”.

Pulmonoloq Əsəd Beydullayev deyir ki, öskürək və nəfəs daralması ilə bağlı müraciətlər daha çox olub: “Məhkumlardan birində xroniki asma problem var idi. Eyni zamanda digər məhkumlarda pulmonoloji problemlər var idi. Onlara da tövsiyələr verildi, müalicə yazıldı”.

Aksiyada iştirak edən Ginekoloq Aygün Şahbazova da ona müraciət edən hər bir pasiyentə qayğı ilə yanaşdığını bildirdi: “Baxdığımız hər bir məhkum yoxlanışdan keçir və müalicə yazılır. Ümid edirəm ki, burada olan məhkumlara köməkliyimiz dəyəcək”.

Lamiyə Məmmədova