Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi

Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi
Oxunma sayı: 779

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının nümayəndələri, əlilliyi olan şəxslər və b. iştirak edib.

V.Nəsirli vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən bir çox bölgələrdə yeni reabilitasiya mərkəzləri yaradılıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi var. Cənab Prezidentin göstərişi ilə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində müvafiq işlər aparılır. Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb.

Nazir müavini reabilitasiya mərkəzinin bir çoxunda – Mərdəkan Müalicə Pansionatında, Protez Ortopedik Bərpa Mərkəzində, Yevlax, Naftalan, Xaçmaz, Şəki, Lənkəran və Sumqayıt Regional Bərpa Mərkəzlərində əsaslı təmir və yenidənqurma işləri aparıldığını deyib. Bildirib ki, cari ilin sonuna qədər həmin müəssisələrin əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsi nəzərdə tutulub və onlardan artıq Yevlax şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzinin bu gün istifadəyə verilir.

Bildirilib ki, yeni qurulan “Reabilitasiya” altsistemi bərpa müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları arasında e-formada məlumat mübadiləsinə şərait yaradacaq. Əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu da həmin Komissiyalar tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında şəffaf, obyektiv şəkildə aparılacaq.

A.Tağıyev əlilliyi olan şəxslər üçün belə bir müasir tələblərə uyğun reabilitasiya müəssisəsinin istifadəyə verilməsinin Prezidenti İlham Əliyev tərəfindən həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə göstərilən xüsusi qayğının bir təzahürü olduğunu vurğulayıb. O, dövlət başçısının sosial siyasətinin Yevlax rayonunda da uğurlu icrası sahəsində aparılan işləri qeyd edib.

Sonra mərkəzdə yaradılan şəraitə baxış olub.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi