Rəis məktəblilərlə görüşdü

reis-mekteblilerle-gorusdu
Oxunma sayı: 2100

Goranboy rayon Polis Şöbəsinin rəisi orta məktəbdə şagirdlərlə görüş keçirib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Qızılhacılı kənd 2 saylı tam orta məktəbində “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri”, “Erkən nikah və onun fəsadları” mövzusunda görüş keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, rayon icra hakimiyyətinin, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Goranboy RPŞ-nin rəisi, polis polkovniki Ramin Qədirov narkomaniyanın, narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı problemlərdən, onların insanların sağlamlığı və genefondumuz üçün doğurduğu fəsadlardan bəhs edib. Polkovnik  narkomaniyaya qarşı hüquq-mühafizə, o cümlədən polis orqanlarının apardığı qətiyyətli mübarizə tədbirləri haqda da çıxış edib.

O bildirilib ki, polis orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ən qəti tədbirlər görməklə yanaşı, həm də azyaşlılarla, gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirilir.

Tədbirdə, eyni zamanda, erkən nigaha daxilolma məsələsinə də toxunulub. Erkən nikahların yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin qısa müddətdə dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.