“Reket jurnalistlər bizdən torpaq istəyir” - - İcra hakimiyyəti + Yenilənib

reket-jurnalistler-bizden-torpaq-isteyir-
Oxunma sayı: 3526


Bu barədə “Qafqazinfo”ya Masallı Rayon İcra Hakimiyyətindən daxil olan məlumatda bildirilir. Xəbərdə deyilir ki, həmin sayt və qəzetlərin əslən Masallıdan olan rəhbərləri rayonda torpaq sahəsinə sahib olmaq üçün icra hakimiyyətinə müraciət ediblər: “Bu müraciətlərin heç bir hüquqi əsası olmadığı üçün onlara icra hakimiyyəti tərəfindən rədd cavabı verilib. Ardınca həmin şəxslər rayon rəhbərliyinin qarşısında “əməkdaşlıq edək” tələbi qoyublar. Reket xarakterli bu tələbləri də qəbul olunmayınca rayon rəhbərliyi haqqında şantaj xarakterli yazılar dərc olunub. Sayt rəhbərliyinin tələbləri yerinə yetirilmədiyi üçün davamlı şantaj olunuruq". 

RİH məlumatında deyilir ki, bir müddət öncə Masallı ziyalıları böhtan xarakterli məlumatlar yayan saytlarla bağlı Mətbuat Şurasına müracət edib: "Bu il aprelin 3-də Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclası keçirilib və komissiya üzvləri tərəfindən saytlarda yoxlanılmayan, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməyən informasiyaların verilməsi irad tutulub. “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın tələblərinə sayğısızlıq hallarına görə belə saytlara Mətbuat Şurası da xəbərdarlıq edib. Bu xəbərdarlıq normal, öz işinə peşəkar yanaşan, jurnaslist peşəsini ali tutan media mənsubuna işində dönüş yaratmaq üçün siqnal olmalı idi. Belə görünür ki, xəbərdarlıq belə saytlar üçün fərqli yöndən işartı olub. Son günlər bu tip saytlar Masallı rayonu haqda böhtan və şantaj xarakterli məlumatlar yayırlar. Bizim bu saytları məhkəməyə verməkdən başqa çarəmiz qalmır”.

İcra Hakimiyyəti onları təhdid edən jam.az və xalq.az saytlarının rəhbərlərini bu günlərdə məhkəməyə verəcəyini açıqlayıb.

***

Məsələ ilə bağlı Xalq.az saytının rəhbəri Zaur Mirzə-zadə “Qafqazinfo”ya açıqlama verib. Masallı rayon İcra Hakimiyyətinin ittihamlarına münasibət bildirirən Z. Mirzəzadə deyib ki, onların saytda yazdıqlaı konkret faktlara söykənir: “Son dəfə icra başçısına məxsus obyektləri fotofaktlarla dərc etmişik. Haradan gətirib bu obyektləri? Necə qazanıb? Bu talançılıq deyil? İcra Hakmiyyəti bunu pərdələmək üçün indi də şantaja keçib? Artıq biz onları məhkəməyə verməyi düşünürük. Adam demək istəyir ki, mən rayonu çapıb-talayım, vətəndaşları istismar edim, siz də yazmayın?”. 

Mirzə-zadənin sözlərinə görə informasiya yaymaq onların peşə borcudur və hər zaman hüququ pozulmuş vətəndaşların yanında olacaq: "Masallı rayonunda baş verən özbaşnalıqlar dözülməz həddə çatıb. Rayonu idarə edən şəxslər rayon əhalisini elə bir vəziyətə çatdırıblar ki, onlardan yazı yazmaq belə qəbahətə çevrilir. Sayt olaraq istənilən şikayət məktubu dəqiqləşdirdikdən sonra saytımızda dərc edirik. Bu baxımdan Masallı rayonundan son zamanlar redaksiyamıza şikayətlərin sayı durmadan artmaqdadır. Rayon rəhbərliyi isə bu şikayətləri araşdırıb həlli yolllarını tapmaq əvəzinə özlərinə bəraət qazandırmağa cəhd ediblər. Bizim saytı və ölkənin digər tanınmış media orqanını reket adlandırırlar. Rayon rəhbərliyinin nəzərinə çatdırıq ki, reketçilik vətəndaşları soyub talamaq, onların haqqın yeməkdir. Xalq.az saytı olaraq bildiririk ki, saytın rəhbərinin Masallı rayonu ilə hec bir əlaqəsi yoxdur. Onların iddia etdiyi kimi, biz heç kimdən topraq istəməmişik. Yəni öz əməllərini ört-basdır etməklə mətbuata hücüm etmək çıxış yolu deyil”.