“Reketlərin əksəriyyəti ciddi media subyektlərində oturublar” - Natiq Məmmədli

“Reketlərin əksəriyyəti ciddi media subyektlərində oturublar”
Oxunma sayı: 1267

“Reket elementləri ilə peşəkarcasına məşğul olanların böyük əksəriyyəti bizim ciddi media subyektlərində oturublar”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli İTV-də “Diqqət mərkəzi” verilişində deyib.

O qeyd edib ki, biz həqiqəti düzgün deməli, diaqnozunu göstərməliyik ki, bu işin bir nəticəsi olsun: “Reket mətbuat, şantajçı, sarı mətbuat hər zaman kimlərinsə işinə yarayır. Bunun kökü mətbuatda deyil. Onu başqa yerdə axtarmalıyıq. Reket onun təzahür formasıdır. Buna qarşı mübarizə aparmaq bizim peşəmizin gələcəyi ilə bağlı məsələdir. Mübarizəni qanun müstəvisində necə aparırıq? Məsələn, "Media haqqında" Qanunda da, Agentliyin keçirdiyi müsabiqələrdə də göstərildiyi kimi, biz bildiririk ki, jurnalistlərə bütün ödənişlər, onların gəlirləri şəffaf olmalıdır. Əgər media dövlətin güzəşt və imtiyazlarından faydalanmaq istəyirsə, gəlirləri şəffaf olmalıdır. Mediaya qeyri-rəsmi ödənişin hər bir qəpiyi media etikasına, Azərbaycan dövlətinin və ictimaiyyətinin maraqlarına qarşı işləyir”.