Repetitor yanına getməyən prezident təqaüdçüsü...

Repetitor yanına getməyən prezident təqaüdçüsü...
Oxunma sayı: 2669

“Qəbul imtahanına hazırlaşarkən heç bir repetitor yanına hazırlığa getməmişəm. Bunun səbəbi isə sadədir - təhsil aldığım liseydə tədrisin keyfiyyətinin yüksək olması”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında bu ilin Prezident təqaüdçüsü Almaz Zeynalova deyib. Biləsuvar rayonu Mübariz İbrahimov adına Bağça - Məktəb  - Lisey Kompleksində təhsil alan tələbə bu il ali məktəblərə qəbul imtahanlarında 679.5 bal toplayaraq İqtisad Universitetində Biznesin idarə edilməsi ixtisasına qəbul olub.  Almaz uğurunun sirrini dərslərinə yaxşı hazırlaşmaqda görür:

“2008-ci ildə R.Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbdə, sonradan isə Biləsuvar rayonu Mübariz İbrahimov adına Bağça - Məktəb - Lisey Kompleksində təhsilimi davam etdirmişəm. Hələ aşağı siniflərdən keçilən bütün fənlərə  diqqətlə yanaşır, dərsləri yaxşı öyrənməyə çalışırdım. Bilirdim ki, bunlar mənə gələcək təhsil həyatımda lazım olacaq.  Məktəbdə oxuduğum illərdə  fəal olmağa çalışmışam. Fənn olimpiadalarının respublika mərhələsində  coğrafiya fənni üzrə  2017-ci ildə qızıl,  2019-cu ildə gümüş medala layiq görülmüşəm. Qəbul imtahanına hazırlaşarkən heç bir repetitor yanına hazırlığa getməmişəm. Artıq neçə illərdir, təhsil müəssisəmiz ali məktəblərə qəbul üzrə ölkə lideridir.

Hər bir abituriyent hazırlığa getmədən də yüksək nəticə əldə edə bilər. Bunu mən öz təcrübəmə əsasən deyirəm. Dayanmadan gecə-gündüz oxumamışam, sadəcə,  mənə lazım olanları dərindən mənimsəyərək yadda saxlamışam  və istirahətə də vaxt ayırmışam”.

Tələbə qəbul imtahanlarına çox ciddi hazırlaşdığını və bunun üçün çox əziyyətlər çəkdiyini deyib:

“Sonunda əziyyətimin bəhrəsini gördüm. Təbii ki, bu, təkcə mənim yox, həm liseyimizin rəhbərliyinin, mənə dərs deyən  müəllimlərimin, həm də hər zaman dəstəyini  göstərən valideynlərimin uğurudur.

Mənə dərs demiş bütün müəllimlərə minnətdaram. Bir də ki, özümə hər zaman inanmışam və bu hiss gərgin və həyəcan  dolu imtahan günündə belə  məni tərk etməyib.

Adımı Prezident təqaüdçülərinin siyahısında görəndə çox sevindim. Liseyimizin builki məzunları arasında 4 nəfər Prezident təqaüdçüsü var. Sevinir və əlbəttə, qürur duyuram ki, onlardan biri də mənəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi