“Rəqs marafonu” müsabiqəsinin açılış mərasimi keçirilib - Fotolar

reqs-marafonu-musabiqesinin-acilis-merasimi-kecirilib
Oxunma sayı: 2015

28 oktyabrda 57 saylı tam orta məktəbdə Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Rəqs marafonu" adlı rəqs müsabiqəsi layihəsinin açılış mərasimi və ilk seçim turu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, 57 saylı tam orta məktəbin direktoru Gülnarə Cəfərova, münsiflər heyəti və 60 nəfər fəal gənc iştirak ediblər.

İlk öncə qonaqları salamlayan 57 saylı tam orta məktəbin direktoru Gülnarə Cəfərova tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışaraq qeyd edib ki, ölkəmizin hər yerində yaradıcı gənclərə rast gəlmək mümkündür. Sonra "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirib ki, layihənin əsas məqsədi istedadlı gənc rəqqasları müəyyən etmək, onları dəstəkləmək və yaradıcılıq potensialını, rəqs təhsilini inkişaf etdirmək, ümumilikdə uşaq, yeniyetmə və gənclər arasında müxtəlif rəqs növlərinə marağı artırmaq, rəqs mədəniyyətini və incəsənətini təbliğ etməkdir. P.Mustafayev qeyd edib ki, yaradıcı gənclərin formalaşmasının başlanğıc təməli ictimai məktəblərdən, ali təhsil müəssisələrindən qoyulur. 

Daha sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirkaçılarını və qonaqları salamlayıb və qeyd edib ki, Azərbaycan rəqsləri özündə qədim və zəngin tarixi daşıyır.  

Çıxışlardan sonra layihənin seçim turuna start verilib. Layihədə 7-29 yaşlı uşaq, yeniyetmə və gənclər iştirak edirlər.

Qeyd edək ki, layihə müddətində 3 seçim turu, yarımfinal və nəticələrə uyğun olaraq qala konserti təşkil ediləcək.