“Rəqs marafonu”nun növbəti seçim turu keçirilib - Fotolar

reqs-marafonunun-novbeti-secim-turu-kecirilib
Oxunma sayı: 1036

29 oktyabrda 193 saylı tam orta məktəbdə Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Rəqs marafonu" adlı rəqs müsabiqəsi layihəsinin növbəti seçim turu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, İctmai Birliyin baş katibi, layihənin təlimçisi Röya Rzayeva, 193 saylı tam orta məktəbin direktor müavini Kəmalə Babayeva, münsiflər heyəti və 60 nəfər fəal gənc iştirak ediblər. 

İlk öncə qonaqları salamlayan “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi istedadlı gənc rəqqasları müəyyən etmək, onları dəstəkləmək və yaradıcılıq potensialını, rəqs təhsilini inkişaf etdirmək, ümumilikdə uşaq, yeniyetmə və gənclər arasında müxtəlif rəqs növlərinə marağı artırmaq, rəqs mədəniyyətini və incəsənətini təbliğ etməkdir.

Sonra İctmai Birliyin baş katibi, layihənin təlimçisi Röya Rzayeva layihə iştirkaçılarını salamlayıb və qeyd edib ki, yaradıcı gənclərin formalaşmasının başlanğıc təməli ictimai məktəblərdən, ali təhsil müəssisələrindən qoyulur. Daha sonra çıxış edən layihənin münsiflər heyətinin üzvü, “Azərbaycan Ritmləri” mahnı və rəqs ansamblın bədii rəhbəri Kəmalə Rəcəbova vurğulayıb ki, rəqs bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növüdür.Rəqsi insanı rahatlaşdıran, yüngülləşdirən və onu stresdən çıхaran ən yaхşı vasitələrdən biri də saymaq olar. 

Çıxışlardan sonra layihənin seçim turuna start verilib. Layihədə 7-29 yaşlı uşaq, yeniyetmə və gənclər iştirak edirlər.

Qeyd edək ki, layihə müddətində 3 seçim turu, yarımfinal və nəticələrə uyğun olaraq qala konserti təşkil ediləcək.