Rəşaddan əvəzlənməsinə münasibət - “Çox üzgünəm”

resaddan-evezlenmesine-munasibet
Oxunma sayı: 790

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının II təsnifat mərhələsinin “Samtredia” ilə ilk oyundan sonra müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, matçın ilk hissəsində zədələnərək meydanı erkən tərk etməli olan təcrübəli müdafiəçi jurnalistlərin suallarını cavablandıırb.

- 5:0 hesabı ilə qalib gəldiyiniz qarşılaşma barədə fikirləriniz necədi?

- Mənimçün bir tərəfdən sevindiricidi ki, belə hesabal qalib gəldik. Ancaq digər tərəfdən zədəmə görə çox məyusam. İlk növbədə komanda yoldaşlarımı təbrik edirəm. Ağılla, gücümüzü düzgün qiymətləndirərək oynadıq. Hazır olmadığımızı bilirdik. Çünki fiziki, texniki və taktiki cəhətdən ideal formada deyilik. Rəqibdə isə mövsüm gedir və bizdən daha “diri” idi. Ancaq futbolçularımız əla oynadılar və əlimizə düşən fürsətlərdən yaxşı yararlandıq.

- Matçı erkən tərk etməli oldun. Zədən nə yerdədi?

- Zədəmə görə çox üzgünəm. Bütün yay təlim-məşq toplanışını keçirsən, komanda ilə birlikdə hazırlaşırsan və ilk oyundaca zədələnirsən. Bu, çox ağır psixoloji zərbədi. Son vaxtlar özümü çox vaxt psixoloji təzyiq altında hiss edirdim. Millimizin Şimali İrlandiya ilə oyunundan sonra özümə gələ bilmirdim. Ümid edirdim ki, Çempionlar Liqası matçları ilə birlikdə bir az əhvalım düzələcək. Ancaq daha bir zərbə aldım. Futboldu, neyləmək olar?

- Budəfəki nə zədədi?

- Dizimdən zədələndim. Yəqin ki, sabah dəqiq bilinəcək. Ağrılar var, sabah MRT olunacaq və hər şey aydınlaşacaq.

- Səni əvəzləyən yeni transfer Yakub Rjezniçakın oyunu necə təsir bağışladı?

- Polşalı legionerimiz onsuz da məşqlərdə öz ustalığını göstərmişdi. Çox yaxşı transferdi. İnanıram ki, gələcək oyunlarda “Qarabağ”a daha çox fayda verəcək. Aydın məsələdi ki, 15 il “Legiya” kimi komandanın kapitanı olmaq asan iş deyil.

- Cavab oyunu haqqında nə düşünürsüz? Nisbətən zəif, eksperimental heyətlə getmək olarmı?

- Elə bir şey yoxdu. Komanda hələ hazır deyil, birlikdə oynamağa ehtiyacı var. Biz 90 dəqiqə oyunu fikirləşirik, mərhələni deyil. Rəqib də göstərdi ki zəif deyil. Buna görə onlara yuxarıdan  aşağı baxmaq olmaz.