Rəşadət
Səhər göyün üzündə bir az bulud süründü.
Günəşin qarşısını kəsmək üçün sürünməzlər-bunu buludlar hardan bilsin axı?
Günəş doğmasaydı, buludlar sıxlaşacaq, qaralacaqdı və... yağış başlayacaqdı.
Amma günəş doğdu. Dağıldı buludlar. Heç izləri-tozları da qalmadı...
***
Hər gün sabahlarımızı qətl, ölüm xəbərləri ilə açırıq.
Səbəblər axtarırıq.
Bunu bayağı musiqi ilə ruhunu otaranlara, avaraçılığa, narkotikaya aludə olanlara-cahilliyə bağlayırıq.
Biz pis məqamları axtarırıq ki eşələyək, saf-çürük edək.
Nəticə də olur sıfır.
Çünki heç nə eləyə bilmirik.
Bayağı musiqini sevənlərə dahi bəstəkarları sevdirə bilmirik.
Narkomaniyanın kökü birdəfəlik kəsilmir.
Cahillərə kitab sevdirmək olmur.
Bakı doludu əyalət əzabkeşləri ilə. Zülmlə dolanırlar.
Qorxu, ilan kol-kosa sığınan kimi sığınıb adamların gözlərinə.
Danışmağa qorxur adamlar.
Deyə bilmirlər dərdlərini.
Qəfil eşidirik ki, məsələn, dünən görüşüb hal-əhval tutduğumuz qonşumuz asıb özünü...
Və biz bütün gün beynimizi məşğul edirik səbəb axtarmaqla.
***
Rəşadət Axundovun doğum günüdü bu gün...
Həbsxanada qarşılayır yeni yaşını Rəşadət.
Belə işıqlı gənclər cəmiyyətdən təcrid olunduqca səhərlərimiz qətl, ölüm xəbərləri ilə açılacaq.
Tonqal qalamaq üçün qığılcım bəs edir...
Yetər ki, o tonqalı qalamaq istəyi olsun...
***
Həbsxana göylərində günəş doğmur.
Azadlığı sevir günəş.
Dünyanın xilası Günəşdədi.
Oddadı.
Qığılcımdadı.
Son xəbərlər
Son Xəbərlər