Rəşid Behbudovun kürəkəninin “Space”i

resid-behbudovun-kurekeninin-spacei
Oxunma sayı: 10451


Ötən gecə tv8 telekanalındakı “Survivor” adlı məcəralı yarışmanın finalını məni kimi milyonlar izlədi. Verilişin aparıcısı və həmin kanalın rəhbəri Acun İlicalının peşəkarlığı, yüksək səviyyəli verilişi yenə uğurla yekunlaşdı. “Survivor” kimi ağır və nəhəng layihədə məni bir məqam valeh elədi. Acun bir layihə üçün uzaq Dominikan ölkəsində 500 nəfərlik heyətlə işləyirmiş. Görəsən, aşpazdan tutmuş işıqçısına qədər hər kəsin məsuliyyətini daşımağı bir tv rəhbəri necə bacarır? Heyrətdir. Bizim bir tv kanalının heç ştatında bu qədər insan yoxdur. Fikrimcə Acunun uğurunun tək səbəbi var- sadəliyi, dürüstlüyü və bir də tv etikasını yüksək tutaraq tamaşaçısına bəslədiyi böyük hörməti. Acun üçün tamaşaçı marağı, onun hörmətini saxlamaq hər şeydən vacibdir. Qardaş ölkə tv rəhbərini ona görə tərif edirəm ki, tv8 kanalı sırf əyləncəli, şou kanalıdır. Deməli şou verilişini səviyyəli hazırlamaq üçün gərgin iş tələb olunurmuş. Niyə söyüş eşidə bilmirik? Məncə burada Türkiyə Teleradio qurumunun nəzarətindən çox kanalın məsuliyyətli davranışı rol oynayır.

Bəs, bizdə bir neçə gün içində bir tv, tamaşaçısına bu qədər tərbiyəsizliyi necə edə bildi? “Space”in küçə söyüşləri ilə bizi təhqir etməsinə haqqı yox idi. Məsələyə əncam çəkilməsi üçün Milli Teleradio Şurasından qulaqburması gözləmək isə ən mənasız addımdır. Ona görə ki, iki sənət adamının rəhbərlik etdiyi tv belə qanacaqsız, səviyyəsiz ekran, efir təqdim edirsə, artıq telekanalın qapısına plomb vurmaq vaxtı çoxdan yetişib.

Dəfələrlə “Space”in verilişlərini tənqid etməkdə bir məqsəd olub. Biz kanal rəhbəri kinorejissor Vaqif Mustafayevin tamaşaçı ilə görüşə gəlməsini, ekrana çıxmasını, sadəliyini nümayiş etdirməsini istəmişik. O isə bir vaxtlar özü tamaşaçı olduğunu unudub. Bəlkə sənətindən də çoxdan uzaqlaşıb, xəbərimiz yoxdur. Bu vaxta qədər öz telekanalında müəllifi olduğu filmlərdən belə göstərilməyib. Niyə bəs? Vaqif Mustafayev tamaşaçını hind filmləri ilə doyuzdurmaqla yanaşı, yaradıcılığını bizə unutdurmaqla məşğuldur. Kanalında kino sənayesi barədə heç olmazsa bir dənə də veriliş yoxdur. Görünür, Vaqif müəllim öhdəsinə hind filmi fanatı dəstəsini gücləndirməyi götürüb. İnanın ki, Vaqif müəllim arzunuza çatmısız. Bəs “Space”in musiqi verilişlərindəki ucurum niyə belə dərinləşir? Çoxları hələ də bilmir ki, bu kanalın icraçı direktoru Kamil Şahverdi(yev)dir. Bu şəxs böyük sənətkarımız Rəşid Behbudovun kürəkənidir. Bu status onun qarşısında böyük məsuliyyətlər qoyur. Milli musiqi sənətimizin keşiyində dayanmaq missiyasını. Kamil Şahverdi kifayət qədər bilikli və məlumatlı şəxsdir, vaxtiylə ssenari müəllifi, musiqi tərtibatçısı, musiqi redaktoru kimi işlərin icraçısı olub. Bəs Kamil Şahverdi Rəşid müəllimin ocağında isinmiş, onun sənətinin incəliklərini bilən, ən nəhayət milli musiqi tariximizin bələdçisi kimi niyə “Space”in bərbad, səviyyəsiz musiqiçi, muğənni bazarında itib-batmasına göz yumur? Zarafat deyil, bu şəxs dahi sənətkarlarımız haqqında sənədli filmlərin mətbəxində çalışıb. “Gülağa Məmmədov”, “Havalansın xanın səsi”, “Hər şey olduğu kimi. Rəşid Behbudov”, “Əminə Dilbazi”, “Lütfiyar İmanov”, “Tofiq Bakıxanov”, “Sara Qədimova” və sairə. Film adları bizə çox şey deyir. Çoxunun ssenari müəllifi və musiqi redaktoru Kamil Şahverdidir. Təəssüf doğuran odur ki, biz bu vaxta qədər sənətkarlarımız haqqında filmlərin birinə də “Space” də baxa bilməmişik. Bu kanalın tək Rəşid Behbudova xəyanəti deyilmi?

Sizi bilmirəm, mənim üçün Space “çətin tərbiyə olunmuş uşaq” statusundan da çıxıb. Bu kanal yenilənmək, plasmas stullu studiyasından, Mikayıllarından, Səidə Sultanlarından qurtulmağı belə düşünmür. Ekranda sinəsi açılanın səhəri gün tamaşaçı qarşısına çıxmaq abırsızlığı ancaq burada ola bilərdi. Belə çıxır ki, “Space”də peşəkarlar sındırılıb, bazar adamları hər işi nəzarətə götürüb. O halda bazar olsun, “Space”.